İsrail prezidenti COP29-da iştirak edəcək
İsrail Prezidenti İsaak Hersoq Bakıda COP29-da iştirak edəcək. Hersoq ABŞ-yə səfərindən sonra COP29 konfransına qatılacağını açıqlayıb. O, iqlim dəyişikliyi ilə mübarizənin əhəmiyyətini və regional əməkdaşlığın formalaşmasının zəruriliyini vurğulayıb. Qeyd edək ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) bu ilin noyabrında Azərbaycanda keçiriləcək. Bununla bağlı qərar ötən il dekabrın 11-də Dubayda keçirilən COP28 plenar iclasında qəbul edilib. İki həftə ərzində dünyanın mərkəzinə çevrilən Bakı 70-80 minə yaxın xarici qonaq qəbul edəcək. Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası 1992-ci ilin iyununda Rio-de-Janeyroda keçirilən Yer Sammitində insanın iqlim sisteminə təhlükəli müdaxiləsinin qarşısını almaq üçün imzalanmış sazişdir. "COP" (Conference of Parties) abbreviaturası İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının icrasına nəzarət edən ən yüksək qanunverici orqan olan "Tərəflərin Konfransı" mənasını verir. Konvensiyada 198 ölkə iştirak edir. Tərəflər başqa cür razılaşmırsa, COP hər il keçirilir. İlk COP tədbiri 1995-ci ilin martında Berlində baş tutdu və onun katibliyi Bonnda yerləşir.
Politoloq İlqar Vəlizadə "Sherg.az"a açıqlamasında deyib ki, bu cür beynəlxalq tədbirlərdə, genişmiqyaslı qlobal tədbirlərdə müxtəlif dövlətlərin başçıları iştirak edirlər. Ekspert vurğulayıb ki, COP29 hansısa lokal xarakterli tədbir olsaydı və sadəcə Azərbaycan dövləti keçirsəydi, bir sıra ölkə başçılarının tədbirə qatılması müxtəlif suallar yarada bilərdi:
"Ancaq COP29 tədbiri BMT-nin təşkilatçılığı ilə Azərbaycanda keçirilir. Düzdür, tədbir Azərbaycanın dəstəyi, fəal iştirakı ilə keçirilir, ancaq tədbir BMT-nindir. İsrail də BMT-nin üzvüdür. Ona görə də İsrail dövlət başçısının Azərbaycana səfəri normal qarşılanmalıdır. İran rəsmiləri ABŞ-yə, Nyu-Yorka tez-tez gedirlər. Çünki Nyu-Yorkda BMT Baş Assambleyasının iclasları keçirilir. Plenar sessiyalarda İran rəsmiləri də iştirak edirlər. Halbuki ABŞ-İran münasibətləri hamıya bəllidir. İki ölkənin diplomatik münasibətləri yoxdur. Amma buna baxmayaraq, iranlılar Amerikaya beynəlxalq tədbirdə iştirak üçün gəlirlər. Əslində, Rusiya Prezidenti V.Putin də COP29 tədbirinə gələ bilər. Sadəcə olaraq öz əvəzinə baş naziri göndərmək qərarı aldı. Nəzərə alaq ki, Rusiya da hələ BMT üzvüdür, Təhlükəsizlik Şurasının da üzvüdür. Bu məqamlar mütləq diqqətə alınmalıdır ki, sonra anlaşılmazlıq olmasın".