Çində rüşvət almaqda ittiham olunan “İnterpol”un sabiq rəhbəri Men Xunveyanın həyat yoldaşı Qreys Men təşkilatı məhkəməyə verib.
APA -nın “South China Morning Post” nəşrinə istinadən verdiyi məlumata görə, Q. Men “İnterpol”u M. Xunveyanı müdafiə edə bilməməkdə və ailəsinə kömək etməməkdə, Çinin beynəlxalq hüquqa zidd fəaliyyətinin iştirakçısı olmaqda günahlandırır.
Eyni zamanda Q. Men “İnterpol”un məhkəməyə müraciət etməməsi üçün təzyiq göstərməyə çalışdığını da açıqlayıb: ““İnterpol” bu informasiyanı ictimaiyyətə açıqlamamağın üçün məni hədələsə də, Haaqa Üçüncü Məhkəməsinin Daimi Palatasında “İnterpol” əleyhinə məhkəmə araşdırması başlanıb. Tribunal yaradılacaq və bu tribunal “İnterpol”un Men Xunveyanın yoxa çıxmasının yalnız Çin və Fransanın müvafiq orqanlarının işi olub-olmadığını müəyyənləşdirəcək. Tribunal “İnterpol”un Men Xunveyanın ailəsi qarşısındakı öhdəliklərini pozub-pozmadığını da araşdıracaq”.
“İnterpol” isə tərəflərə məhkəmə araşdırmasının konfidensiallığını qorumalı olduqlarını çatdırdığını açıqlayıb.
Qeyd edək ki, “İnterpol”un sabiq rəhbərinin həyat yoldaşı və iki övladı mayın 2-də Fransada siyasi sığınacaq alıb.
Xatırladaq ki, keçən il sentyabrın 29-dan sonra Çində olan M. Xunveya ilə əlaqə kəsilib və Fransa hüquq-mühafizə orqanları araşdırmalara başlayıblar. Çin hakimiyyəti isə bəyan edib ki, M. Xunveya rüşvət almaqda şübhəli sayıldığı üçün saxlanılıb. M. Xunveya M. Xunveya bu il iyunun 20-də məhkəmədə 2 milyon dollar rüşvət aldığını etiraf edib.