ABŞ və İran arasında həmişə gizli danışıqlar olub


Tehran Ağ Evdən istəyir ki, hərbi müdaxiləyə əl atmasın və İranda hakimiyyəti dəyişməsin
Bundan başqa nə istəyirlərsə, razılıq verir


Son günlər ABŞ-ın xarici işlər nazirləri səviyyəsində danışıqların aparılması üçün rəsmi Tehrana təklif göndərməsi barədə xəbərlər yayılıb. Lakin İran Xarici İşlər Nazirliyinin mətbuat katibi Abbas Musəvi yayılan informasiyaları təkzib edib. Tehranın təkzibinə baxmayaraq, bəzi ekspertlər iki tərəf arasında gizli danışıqların getdiyinə inanırlar.
Onların fikrincə, son vaxtlar tərəflərin biri-birinə danışıq təklifi ilə bağlı bəyanatlar səsləndirməsi məhz buna işarə edir.  
"Sherg.az" xəbər verir ki, gizli danışıqlar barədə söz-söhbəti ASTNA - ya dəyərləndirən politoloq Sədrəddin Soltan deyib ki, son 40 ildə ABŞ və İran arasında danışıqlar müxtəlif səpkilərdə, pərdəarxası şəraitdə keçirilib. Ekspert xatırladıb ki, İraq-İran müharibəsi zamanı da Vaşinqtonla Tehran arasında danışıqlar gedib:
“15-20 il ərzində də bu cəhdlər olub. Məsələn, Misirdə İranın keçmiş xarici işlər naziri Manuçehr Möttəki ilə ABŞ-ın keçmiş dövlət katibi Kondaliza Rays arasında danışıqlar olmuşdu. Sonra İran rəsmiləri, prezidentləri, habelə İranın ali rəhbəri dəfələrlə ABŞ prezidentlərinə məktublarla müraciət ediblər. Həmin məktubların mövzuları açıq şəkildə bəlli deyil. Amma bütün hallarda yazışmalar olub. Son olaraq dövlət katibi Mayk Pompeo İran inqilab keşikçiləri qvardiyasının Qüds komandanı, general Qasid Süleymaniyə məktubla müraciət edib. Bunlar onu göstərir ki, tərəflərin müxtəlif formada danışıqlar həyata keçirmək imkanları var. ABŞ və İranın maraqlarını isə Tehranda və Vaşinqtonda İsveçrə səfirlikləri həyata keçirir. Bu baxımdan tərəflərin maraqlarının təmin olunmasında İsveçrə ölkə olaraq iştirak edir. İstisna etmək olmaz ki, Suriyada və yaxud İraqda iki ölkə arasında görüşlər olmayıb. Sadəcə olaraq bu danışıqlar açıqlanmır. Əgər bu danışıqlar olmasaydı, ötən müddətdə ABŞ İrana qarşı başqa addımlar atardı. Danışıqların olması tərəflər arasında bir sıra məsələlərin həll edilməsindən xəbər verir”.
Siyasi şərhçi bildirib ki, ABŞ-İran münasibətləri davamlı olaraq yüksələn və enən gərginliklərlə davam edir:
“Məsələn, 2015-ci ildə məlum anlaşma sənədi imzalandıqdan sonra bir çoxları hesab edirdi ki, guya, bu iki barışmaz düşmənlər arasında münasibətlər normallaşmayacaq. Amma normallaşdı. Sonrakı mərhələdə isə gərginlik yenidən artdı. Amerika ilə İran arasındakı gərginlik idarə ediləndir. Gərginliyi ya İran yaradır, sonra isə yaratdığı gərginliyi azaldır, neftin qiymətində dəyişiklik olur.
Yaxud ABŞ gərginliyi artırır, bir müddət sonra yenə dost və düşmən müəyyən olunur. Həsən Ruhaninin, ümumiyyətlə, İranın ayrı-ayrı rəsmilərinin, xarici işlər nazirinin danışıqlarla bağlı şərt irəli sürmələri əslində İranın danışıqlardan vaz keçməməsinin göstəricisidir.
Tehran Ağ Evdən istəyir ki, hərbi müdaxiləyə əl atmasın və İranda hakimiyyəti dəyişməsin. Bundan başqa nə istəyirlərsə, razılıq verir. Əvvəllər də belə olub. İranın bu tip məsələlərdə yaratdığı gərginliklər, o cümlədən irəli sürdüyü şərtlər əsasən mövcud hakimiyyətin gələcəyi ilə bağlıdır”. 
S.Soltanın fikrincə, ilin sonunadək İran hakimiyyətinin atacağı əsas addım sanksiyaların yumşaldılmasına nail olmaqdır: “Əks halda, 2020-ci il İran üçün daha çətin olacaq. Son üç ildə hakimiyyət sanksiya tətbiq edilən heç bir sahədən faydalanmayıb. Neftlə bağlı müxtəlif sazişlər olsa da, onları reallaşdıra bilməyib. Hətta 1995-ci ildən bu günə qədər İranın mülki aviasiyasına tətbiq edilən sanksiyalar da aradan qalxmayıb. Ən çətini isə odur ki, bu il İranın inqilab keşikçiləri qvardiyasına qarşı sanksiya tətbiq olunub. Ölkənin böyük hərbi qüvvəsinə qarşı sanksiya tətbiq edilməsi İran üçün çox ağırdır.
Odur ki, hakimiyyətin ömrünü uzatmaq, ölkənin gələcəyini qorumaq, vətəndaşların firavan həyatını təmin etmək üçün İran hakimiyyəti Qərblə, Avropa ilə yaxınlaşmağa səy göstərəcək”.