Bir çox un dəyirmanları zərərə işləsə də, unun qiymətini saxlamağa çalışır
Gürcüstanda un 2 laridən (0.7 dollar) 5 lariyədək (1.7 dollar) bahalaşıb. İndi çörək bişirilən birinci növ unun bir kisəsi 53 laridir (18 dollar).
Sputnik Gürcüstan bildirir ki, bu barədə Un İstehsalçıları Assosiasiyasının icraçı direktoru Levan Silaqava deyib.
"Un dəyirmanları qiyməti 2,75GEL/$1 məzənnəsinə uyğun nəzərdə tuturlar. Həmçinin mövsüm başlayanda biz Rusiyadan tonu 195 dollara buğda alıb dəmiryolu ilə gətirmişik. İndi həmin keyfiyyətdə buğdanı tonu 212 dollardan alırıq, ona görə də unun qiyməti qalxıb", - deyə Silaqava bildirib.
Onun sözlərinə görə, Gürcüstanda bir çox un dəyirmanları zərərə işləsə də, unun qiymətini saxlamağa çalışır. Onlar ümid edirlər ki, Rusiya buğdanın qiymətini salacaq, larinin məzənnəsi isə stabilləşəcək. Bununla da müəssisələrin itkisini qarşılamaq olacaq.
İyunun 20-dən larinin məzənnəsi dollara nisbətdə 6.6% ucuzlaşıb. Həmin tarixdə Gürcüstan Milli Bankı larinin məzənnəsini 2,7871 müəyyən etmişdi, avqustun birində isə bu rəqəm yeni antirekord - 2,9718 - vurub.
İl ərzində Gürcüstan 700 min ton buğda istehlak edir. Bunun yalnız 10%-i yerli istehsaldır, qalanını isə ölkə Rusiya, Qazaxıstan və Ukraynadan idxal edir. Rusiyanın payına idxalın 90%-i düşür.