Gürcüstan kəndə post qoydu: Vəziyyət gərginləşdi


Gürcüstanın avqustun 28-də Cənubi Osetiya ilə inzibati sərhədə yaxın Çorçana kəndində polis postu yerləşdirməsi Sxinvali ilə Tbilisi arasında yeni gərginliyə səbəb olub.

Virtualaz.org xəbər verir ki, qondarma Cənubi Osetiya “respublikası” gürcü tərəfinin bu hərəkətini “təxribat” adlandırıb və postun götürülməsini tələb edib. Bildirib ki, post götürülməsə Cənubi Osetiya adekavt addımlar atacaq. Həmin post Cənubi Osetiyanın Tsnelis kəndinin bir kilometrliyində yerləşir.

Gürcü tərəfi isə bildirib ki, postu götürməyəcək, çünki həmin post Gürcüstanın nəzarəti altında olan ərazidə qoyulub.

“Çorçana kəndi həmişə mərkəzi Gürcüstan hakimiyyətinin nəzarətində olub və bu fakt Avropa İttifaqının müşahidə missiyası tərəfindən də qeydə alınıb”,-xarici işlər nazirinin müavini Laşa Darsaliya bildirib.

Məsələyə əlbətdə ki, Cənubi Osetiyanı faktiki ilhaq etmiş Rusiya da qarışıb və gürcü tərəfini “vəziyyəti gərginləşdirməkdə, köhnə sərhəd problemini yenidən qabartmaqda” günahlandırıb. Rusiya XİN-in bəyanatında deyilir ki, bütün son aylar ərzində Tbilisi  Qərb dövlətlərinin dəstəyini alaraq “məqsədyönlü şəkildə, təxribatçı aksiyalarla və siyasi-təbliğat kampaniyaları ilə” sərhəddə vəziyyəti gərginləşdirib.

Cənubi Osetiya sovet dövrü xəritələrinə istinad edərək bildirir ki, post bu tanınmamış “respublikanın” ərazisinə düşür. Gürcü tərəfi isə əksinə, postun Gürcüstan ərazisində qoyulduğunu bildirir.

Gürcüstanın Cənubi Osetiya ilə inzibati sərhədə post qoyması yeni müharibənin alovlana biləcəyi haqda şaiyələrə səbəb olub. Hətta sosial şəbəkələrdə belə xəbərlər yayılıb ki, qondarma Cənubi Osetiya “prezidenti” Anatoli Bibilov yaxınlaşan müharibə təhlükəsinə görə ailəsini Moskvaya göndərib.



Bibilov isə Facebook-da yazıb ki, Cənubi Osetiya Gürcüstanla hər hansı hərbi qarşıdurmaya girmək niyyətində deyil. Onun sözlərinə görə, hərbi qarşıdurmaya can atan tərəf Gürcüstandır. Bibilov Tsnelis kəndinin əhalisinin “tam təhlükəsiz şəraitdə yaşadığını” bildirib. Ailəsini Rusiyaya qaçırdığı haqda şaiyələrə də toxunub. Bibilov yazıb ki, ailəsi yerindədir və heç yana getməyib. Təkcə böyük oğlu təhsil almaq üçün anasının müşaiyəti ilə Moskvaya yollanıb.

Qeyd edək ki, Cənubi Osetiyada dislokasiya olunmuş Rusiya hərbçiləri son illər sistemli şəkildə sərhəd xəttini Gürcüstan ərazilərinin içərilərinə doğru çəkməkdə idi.