Avstraliyalı araşdırmaçılar indiyədək irəli sürülən nəzəriyyələrin əksinə olaraq, ölülərin məzarda "sakit yatmadıqlarını” iddia edib.
Teleqraf.com xəbər verir ki, sürətləndirilmiş kameralarla reallaşdırılan çəkilişlərdə ölü bədənin quruma və çürümə prosesində üzvlərinin hərəkət etdiyini ortaya çıxarıb.
70 cəsəd üzərində araşdırma aparan Avstraliya Təcrübə Araşdırmaları Mərkəzi (AFTER) ölmüş bədənin bir il keçdikdən sonra belə orqanların hərəkət etdiyini aşkar edib.
Sürətləndirilmiş kameralar 17 ay ərzində hər 30 dəqiqədən bir cəsədlərin fotolarını çəkib. Əldə edilən nəticələrdə bədənin quruma və çürümə prosesində hərəkət etdiyi bəlli olub. Bunun xüsusən detektivlər və patoloqlar üçün önəmli bir kəşf olduğu bildirilib.
Araşdırmaçı Alison Vilson qeyd edib ki, araşdırmalar zamanı qolların hiss ediləcək səviyyədə hərəkət etdiyini üzə çıxarıblar: "Bədəni sarılmış və ya bədənin yanında duran qollar ya yana düşür, ya da geniş açılır. Yana açılan qollar yenidən geri hərəkət edərək bədənə toxunur”.
Vilsona görə, bu hərəkətlənmə birləşdirici toxumaların qurumasıyla bədənin kiçilib büzülməsindən irəli gələ bilər.
Nyukasl Universitetinin anropoloqu Xante Mallett isə bildirib ki, ölünün hərəkət etməsi insanları təəccübləndirəcək: "Mən bunu görəndə heyrətləndim, qolların bu formada hərəkət etməsini görəndə ağzım açılı qaldı”.
Bugünədək cəsədin uzun illərdən sonra da, məzara qoyulmuş vəziyyətdə qalmasına inanılırdı.