Telejurnalist Martin Smit Səudiyyə Ərəbistanının İstanbuldakı baş konsulluğunda öldürülən Camal Qaşıqçı ilə bağlı reportaj hazırlayıb. Reportajda Səudiyyə Ərəbistanın vəliəhd şahzadəsi Məhəmməd ibn Salman danışıb. Tam mətni oktyabrın 1-də ABŞ-ın “PBS” telekanalında yayımlanacaq reportajın anonsu böyük səss-küyə səbəb olub. Belə ki, anonsda Məhəmməd ibn Salman Qaşıqçı cinayətinə görə bütün məsuliyyəti üzərinə götürdüyünü açıqlayıb. Bəzi ekspertlər hesab edirlər ki, şahzadənin etirafı səngimiş və üstü örtülmüş Qaşıqçı cinayətini nisbətən açıqlığa qovuşdurmağa, daha doğrusu məsuliyyət daşıyan şəxsin hansısa formada cəzalandırılmasına səbəb ola bilər.
Lakin əksər siyasi şərhçilər Məhəmməd ibn Salmana toxunulmayacağına əmindirlər. Məlumat üçün bildirək ki, Qaşıqçı oktyabrın 2-də nişanlısı ilə Səudiyyə Ərəbistanının İstanbuldakı konsulluğuna gedib. Günorta vaxtı binaya daxil olan jurnalist bir daha oradan çıxmayıb. Onun konsulluq binasında qətlə yetirildiyi məlum olub. Qətldə şübhəli bilinən və BƏƏ vətəndaşı olan iki nəfər bir neçə gün öncə İstanbulda saxlanılıb. Onların cinayətlə əlaqəsi araşdırılır.
Ərəbistan şahzadəsinin etirafı ilə bağlı Sherg.az-a danışan Ağ Partiya başqanı Tural Abbaslı deyib ki, dünya siyasətinin toqquşma və ən qaynar strateji nöqtələrindən biri Səudiyyə Ərəbistanıdır:
“Səudiyyə Ərəbistanın dünya neft hasilatında və neftin qiymətinin formalaşmasındakı təsir imkanları, bu ölkəni dünya gücləri üçün maraqlı və vacib edir. Təbii ki, hər bir dünya gücü bu ölkədə öz təsir imkanlarını artırmağa və regionun nəzarətini ələ almağa çalışır. Belə olan təqdirdə Səudiyyə Ərəbistanındakı kral ailəsi üzvlərinə və vəliəhdlərinə də təsir imkanları axtarılır. Düşünürəm ki, Qaşıqçı hadisəsi də kral ailəsi daxilində təsir imkanı əldə etmək üçün bəzi dövlətlərin qurduğu tələdir. Burada qətl edilən şəxsin kimliyindən tutmuş, qətlin baş verdiyi ölkəyə qədər təsadüfi deyil. Hətta bir müddət bu hadisə hazırki vəliəhdə təsir etmək üçün əsas rıçağa çevrilmişdi. Görünən odur ki, saray daxilindəki rəqabət və ölkəyə beynəlxalq müdaxilələr artıb. Ona görə də belə bir müsahibəyə eytiyac duyulub”.
Tural Abbaslı: "İnanmıram ki, şahzadənin vicdanı oyansın və o durduğu yerdə dünyaya səs salan qətl barədə etiraflarda bulunsun"
Partiya funksioneri bildirib ki, son zamanlar dünyanın ən bahalı şirkətlərindən biri Səudiyyə neft şirkəti AROMCO-nun zavodlarına edilən hecumlar da vəziyyəti gərginləşdirib:
“Vəliəhd şahzadənin belə bir müsahibə verməsini yaranmış qarışıq vəziyyətdən çıxış cəhdi kimi qiymətləndirmək olar. İnanmıram ki, şahzadənin vicdanı oyansın və o durduğu yerdə dünyaya səs salan qətl barədə etiraflarda bulunsun. Yəqin ki, bu müsahibədən öncə dünyanın əsas güc mərkəzlərindən razılıqlar alınıb. Əks təqdirdə belə etiraf həm ona, həm də təmsil etdiyi ölkəyə çox böyük miqyaslı sanksiyalara başa gələrdi. Siyasi və iqtisadi sanksiyalara məruz qalmış birinin ölkəsində hakimiyyətdə qalma ehtimala çox zəif olardı. Hər halda tələsməyib, hadisələrin gedişini izləmək lazımdır”.