Sentyabrın 27-də Avstriyanın müxtəlif şəhər və bölgələrində “Fridays For Future” hərəkatı çərçivəsində növbəti etiraz yürüşləri keçirilib. Nyu-Yorkda BMT-nin mənzil-qərargahında bu günlərdə keçirilən İqlim Sammiti həftəsinə yekun olaraq təşkil edilən nümayişlərdə rekord sayda insan iştirak edib.
AZƏRTAC xəbər verir ki, paytaxt Vyana, İnnsbruk, Qrats, Lints, Breqents və digər şəhərlərdə ümumilikdə 70 mindən artıq adam nümayişə çıxıb. Nümayişlər saat 11:55-də start götürübr, bununla da “on ikiyə beş qalmış” ifadəsi simvolik olaraq səsləndirilib. Digər həftələrdəki nümayişlərdə olduğu kimi, bu nümayişlərdə də gənclər və məktəblilər üstünlük təşkil ediblər. Vyana Şəhər Təhsil İdarəsi “Fridays For Future” hərəkatı çərçivəsində keçirilən yürüşlərə “məktəbdaxili tədbirlər” statusu verib və məktəblərə şagirdlərin bu tədbirdə iştirakı barədə sərbəst qərar hüququ verib.
Vyanada şəhərin mərkəzi küçələri ilə hərəkət edən 30 mindən artıq nümayişçi hökumət məhəlləsi hesab olunan Heldenplats meydanında mitinq keçirib. Ümumilikdə 65 təşkilatın öz tərəfdarlarını iştiraka çağırdığı nümayişdə ətraf mühitin qorunması, Yer kürəsinin gələcəyi və ekoloji təmiz iqtisadiyyatla bağlı şüarlar səsləndirilib.
Qeyd edilməlidir ki, İqlim Sammiti ilə bağlı təşkil edilən “Gələcək naminə həftə” (Week for Future) çərçivəsində dünyanın 170-dən artıq ölkəsində 6 mindən artıq tədbir keçirilib.