Rusiya və İran arasında hərtərəfli strateji tərəfdaşlıq haqqında sazişin bəzi detalları açıqlanıb. Rusiya xarici işlər naziri Sergey Lavrov Belarus paytaxtı Minskdə keçirilən Beynəlxalq Avrasiya Təhlükəsizliyi konfransında Moskva ilə Tehran arasında yaxın vaxtlarda hərtərəfli strateji tərəfdaşlıq haqqında sazişin imzalanacağını söyləyib. O, sazişin hansı sahələri əhatə edəcəyini açıqlayıb. Lavrov Rusiya ilə İran arasında imzalanacaq sazişin tərəflərin regional və qlobal səviyyədə sülh və təhlükəsizlik maraqları naminə müdafiə və qarşılıqlı fəaliyyət sahəsində daha sıx əməkdaşlıq etmək istəyini təsdiq edəcək.
Politoloq, tanınmış jurnalist Fuad Abbasov “Sherg.az”a bildirib ki, Rusiya NATO-nun Şərqə doğru genişlənməsinə cavab olaraq təkcə Ukraynada müharibə aparmaqla qalmır, eyni zamanda Qərb ölkələrinin qarşısında olan İran, Çin və Türkiyə kimi ölkələrlə müqavilələr imzalayır və alyans tipində hərbi birlik şəklində birləşdirmək istəyir:
“Çünki Rusiya təkbaşına NATO və Amerika Birləşmiş Ştatlarına qarşı gələrək onların Şərqə doğru irəliləməsini saxlaya bilməyəcək. Belə olan təqdirdə başda İran olmaqla Çin, Hindistan, hətta türkdilli dövlətlər birliyə daxil edilməklə Qərbin Şərqə olan intervensiyasının qarşısını almaq üçün tədbir alına bilər. Hesab edirəm ki, İran və Rusiya arasındakı müqavilə həmin hərbi birliyin ilkin cücərtiləri hesab olunur. Təbii ki, Rusiya xarici işlər naziri Sergey Lavrov Belarus paytaxtı Minskdə keçirilən Beynəlxalq Avrasiya Təhlükəsizliyi konfransından əvvəl də bunu açıqlaya bilərdi. Amma Lavrovun Moskva ilə Tehran arasında strateji tərəfdaşlıq sazişinin imzalanacağını məhz Belarusda açıqlamasının simvolik mənası var. Çünki Belarus hər zaman Rusiyanın yanındadır. Sözügedən açıqlamanın Minskdə səsləndirilməsi həmin birliyin Belarusun da iştirak edəcəyi mesajını verməkdir”.