Psixoloqdan sərt reaksiya: Ölkəmizdə "Cadugərlər bayramı" yığışdırılmalıdır

Hər il oktyabrın 31-i müxtəlif ölkələrdə “Halloween” bayramı qeyd olunur. Qərb xristianlarının Bütün Müqəddəslərin Günü ərəfəsində qeyd etdikləri bayramın kökləri müasir Böyük Britaniya və İrlandiya ərazisində yaşamış keltlərin adətlərindən götürür. Qədimlərdə ilin tünd (qaranlıq) vaxtının başlanmasının simvolu olan bayram xristianlığın gəlişi ilə mahiyyətini də dəyişir. Qloballaşma dövründə isə atributları və keçirilmə tərzi də yeni hal alır. İndi o, daha çox şər qüvvələrin tərənnüm olunduğu, müxtəlif biznes sahələrinə töhfə verən bir tədbirdir.
Son dövrlərdə Azərbaycanda da bu bayramın qeyd olunması ənənə halını alıb. Müşahidə edirik ki, artıq bayrama hazırlıq işlərinə başlanılıb. Vətəndaşların bir qismi “Halloween”ə əyləncə gözü ilə baxsa da, bəzi valideynlər onun mədəniyyətimizə calaq olunması cəhdindən narahatlıq keçirirlər.
Maraqlıdır, bəs görəsən, valideynlərin bu narahatlığına əsas varmı? Həqiqətənmi “Halloween” uşaqlarda şiddətə meyil psixologiyası formalaşdırır?                   

 Mövzu ilə bağlı fikirlərini bölüşən psixoloq Fərqanə Mehmanqızı “Sherg.az”a deyib ki, "Hallowen" Azərbaycanın milli adət-ənəsinə uyğun bayram deyil:             

"Beləki hər bir insanın xisləti var. Bizim millət hər zaman eybecərliyə qarşı olub. Lakin indiki dövrdə bu çirkinlikləri yaxşı bir şeymiş kimi öyrətməyə çalışırlar. Yəni, hansısa problemi, qüsuru adiləşdirirlər. Cadugərlər bayramındakı obrazlar insanların həyatında mənfi rol oynayan insanlardır. Biz isə həmin obrazları təbliğ edərək başqalarına sevdirməyə cəhd edirik. Bununla mental dəyərlər məhv olur. Psixologiyada, uşaqlara hansısa fikri təlqin etmək üçün nağıllar, obrazlar mövcuddur. Bəziləri bu bayramın heç bir mənfi yönü olmadığını diqqətə çatdırır. Bəs, o zaman niyə Novruz bayramını baharın gəlişi kimi gözəl qeyd edirik? Həmin bayram vasitəsi ilə insanlar həyatlarına gözəlliyin gələcəyini inanırlar. Fikrimcə, ölkəmizdə cadugərlər bayramı yığışdırılmalıdır. Əks halda, gələcəkdə böyük problemlərlə qarşılaşacağıq. Bir sözlə, mənəviyyatımız yox olmağa doğru gedir. Unutmamalıyıq ki, xaricdə təhsil ala bilərik, lakin oranın tərbiyyəsini almamız mümkün deyil. Çünki məhv olarıq. Qeyd edim ki, həmin bayramda qorxunc və şiddətəyönəlik səhnələr və obrazlar olduğu üçün bu nüans uşaqların emosional vəziyyətinə və inkişafına mənfi təsir edə bilər. Yəni, uşaqlarda stress, narahatlıq yarada, qorxulu və ya aqressiv davranışlara qarşı həssaslıq formalaşdıra bilər".