Misirdə türk tələbələr saxlanılıb

Misirdə bu ölkənin prezidenti Əbdül Fəttah əs-Sisinin istefası tələbi ilə keçirilən aksiyalar zamanı həbs olunanlar arasında 3 türk tələbə də olub.

APA -nın Türkiyə mediasına istinadla verdiyi xəbərə görə, tələbələrdən birinin valideyni oğlunun iş stajı üçün Misirə getdiyini, siyasətlə heç bir əlaqəsi olmadığını, sadəcə aksiyaların keçirildiyi əraziyə yaxın oteldə qaldığı üçün təsadüfən həbs olunduğunu bildirib.

Digər tələbə isə ərəb dili öyrənmək üçün iki ay öncə Misirə gedib və hazırda casusluqda ittiham olunur.
Həbs edilən 3-cü tələbənin kimliyi haqqında məlumat yoxdur.

Qeyd edək ki, İspaniyada mühacir həyatı yaşayan, vaxtilə Misirin indiki hakimiyyətinə yaxın hesab edilən iş adamı Məhəmməd Əli Misir prezidenti Əbdül Fəttah əs-Sisini rüşvətdə ittiham edərək misirliləri küçəyə çıxmağa səslədikdən sonra bu ölkədə aksiyalara start verilib.