Tokioda İmperator kortecinin yürüşünün məşqi keçirilib



Oktyabrın 6-da Yaponiya polisi və hökumət məmurları oktyabrın 22-nə planlaşdırılan İmperator Naruhitonun taxta çıxması mərasimindən sonra keçiriləcək paradın məşqində iştirak ediblər.

AZƏRTAC xəbər verir ki, Tokio şəhər Polis İdarəsinin əməkdaşları və Nazirlər Kabinetinin üzvləri bir saat ərzində kortecin hərəkətini məşq ediblər. Yürüşün keçdiyi marşrut üzrə küçələrdə nəqliyyatın hərəkəti dayandırılıb.

Polis motosikillərinin də daxil olduğu 50 avtomobildən ibarət kortec asta sürətlə küçənin sağ tərəfi boyunca hərəkət edib.

Parad İmperator sarayından başlayaraq, 4,6 kilometr yolu qət etməklə Akasaka sarayında başa çatacaq.

“Toyota” şirkəti tərəfindən məxsusi olaraq bu yürüş üçün hazırlanmış üzəri açıq, xrizantem çiçəkləri emblemi və Yaponiyanın bayrağı ilə bəzədilmiş kadillak məşq zamanı istifadə edilməyib.

Küçəboyu quraşdırılmış maneələr və polis tamaşaçıların təhlükəsizliyini təmin edib.

Məşq zamanı kortecin sürəti və hər bir nəqliyyat vasitəsi arasındakı məsafə yoxlanılıb. Polisin bildirdiyinə görə, paradın rahat keçməsi üçün lazım olan bütün tədbirlər görülür.