Türkiyə Bəşər Əsədin devrilməsindən sonra xarici dövlətlərin Suriyadakı kürd döyüşçülərinə dəstəyini dayandıracağını gözləyir.
Axar.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.
Misirdə keçirilən sammitdən evə dönərkən jurnalistlərlə söhbətində Ərdoğan qeyd edib ki, artıq xarici qüvvələrin YPG-ni dəstəkləmək üçün heç bir səbəbi qalmayacaq.
“Biz inanırıq ki, qarşıdakı dövrdə heç bir qüvvə terror təşkilatları ilə əməkdaşlığı davam etdirməyəcək. İŞİD və PKK/YPG kimi terror təşkilatlarının başçıları ən qısa zamanda məhv ediləcək”, – deyə Ərdoğan vurğulayıb.
Qeyd edək ki, YPG Suriyanın şimal-şərqində ABŞ tərəfindən dəstəklənən və “Suriya Demokratik Qüvvələri” adlandırılan alyansın əsas qüvvəsidir. Türkiyə isə YPG-ni uzun müddətdir Türkiyə dövlətinə qarşı mübarizə aparan və Ankara, Vaşinqton, eləcə də Avropa Birliyi tərəfindən terror təşkilatı kimi tanınan PKK-nın davamı hesab edir.