Silahlanma Ermənistanı növbəti fəlakətə sürükləyir -ANALİZ

Bakı seyrçi qalmayacaq, keçmiş məcburi köçkünlərin qayıdışı davam edir, onların təhlükəsizliyinin təmin edilməsi prioritetdir


Ermənistan silahların əksəriyyətini Qərbdən pulsuz və ya kreditlə almasına, onların təbii ki, silinəcəyinə baxmayaraq, bizimlə silah yarışında tab gətirməyəcək. Bu fikirləri Prezident İlham Əliyev “Rossiya Seqodnya" Beynəlxalq İnformasiya Agentliyinin Baş direktoru Dmitri Kiselyova müsahibəsində səsləndirib. Dövlət başçısı bildirib ki, Makron hökumətinin Ermənistana tədarük etdiyi silahlar hücum silahlarıdır, öldürücüdür və Azərbaycan üçün praktiki təhlükə yaradır: "Nəzərə alsaq ki, Ermənistanla sərhədimizin uzunluğu min kilometrdən çoxdur, bir çox yaşayış məntəqələri sərhədə yaxın yerləşib və bu yaşayış məntəqələrinin əksəriyyətinə keçmiş köçkünlər qayıdırlar, təbii ki, biz bu prosesi yalnız kənardan müşahidə edə bilmərik. Biz dəfələrlə Ermənistana və onun ABŞ Dövlət Departamentindəki himayədarlarına çatdırmışıq ki, buna son qoyulmalıdır. Amma təəssüf ki, bizim səsimiz eşidilmir, Ermənistanın silahlanması prosesi sıçrayışla gedir. Biz bacardığımız qədər orada baş verənləri izləyirik. Ermənistan ərazisinin dərinliyini nəzərə alsaq, texniki baxımdan bu gün bunu etmək o qədər də çətin deyil. Əlbəttə ki, Fransa bu məsələdə liderlik edir. İkinci yerdə Hindistan, üçüncü yerdə isə ABŞ-dir. Fransa və Hindistan Ermənistanı öldürücü silahlarla təmin etdiklərini gizlətmirlər, - hətta bir növ, yəqin ki, bizim acığımıza nümayişkaranə cəsarət göstərirlər, - ABŞ isə bunu etiraf etmir. Halbuki biz Ermənistanın hava limanlarına enən və oraya silah daşıyan hərbi nəqliyyat təyyarələrini izləmişik".
Ölkə rəhbəri Azərbaycanın da adekvat tədbirlər gördüyünü deyib: "2025-ci ildə növbəti hərbi büdcəmiz rekord büdcə olacaq. Bu, təxminən beş milyard dollardır. Bu məbləğin ən azı 60 faizini xərcləməyə məcburuq, belə təhdidlər olmasaydı, xərcləməzdik, Qarabağın bərpasına, sosial ödənişlərə və sair üçün istifadə edərdik. Lakin biz bunu etməyə məcburuq və edəcəyik. Məncə, bu, fəlakətə aparan yoldur. Birincisi, Ermənistan silahların əksəriyyətini Qərbdən pulsuz və ya kreditlə almasına, onların təbii ki, silinəcəyinə baxmayaraq, bizimlə silah yarışında tab gətirməyəcək. Hətta bu halda da bizimlə silah yarışında tab gətirməyəcəklər". Prezident əlavə edib ki, ermənilər İkinci Qarabağ müharibəsinin və 2023-cü ilin sentyabrında keçirilən antiterror əməliyyatının nəticələrini unutmamalıdırlar: "Həmçinin başa düşməlidirlər ki, Makron rejiminin, eləcə də ABŞ Dövlət Departamentinin maksimum dəstəyinə baxmayaraq, burada, bu yerdə bizə qarşı növbəti təxribat planlaşdırsalar, onlara heç kim kömək etməyəcək. Axı, Makron 2020-ci və ya 2023-cü ildə onlara necə kömək etdi, onları dəstəklədi, bəli, əlindən, yəqin ki, başqa hansı yerindən tutdu, bilmirəm. Bax, bu qədər. Biz onun nəyə qadir olduğunu çox yaxşı bilirik. Odur ki, biz həm danışıqlar prosesi çərçivəsində, həm də Ermənistanla Azərbaycan arasında işləyən delimitasiya komissiyası çərçivəsində və erməni sponsorlara, şərti olaraq Vaşinqtondakı Sorosçulara bunu dayandırmaq lazım olduğunu çatdırırıq və çatdırmağa davam edəcəyik. Bu, belə davam edərsə, sonradan bizə qarşı heç bir irad tutulmasın". 

Azərbaycan Həmrəylik Komitəsinin sədri Əlisahib Hüseynov "Sherg.az"a deyib ki, Ermənistanın müdafiə naziri Suren Papikyanın Fransaya səfərlərinin intensivləşməsi birmənalı olaraq bu ölkənin hərbiləşdirilməsinə, silahlandırılmasına xidmət edir. Ekspert bildirib ki, Papikyan fransalı həmkarı Sebastian Lekornu ilə görüşdə iki ölkə arasındakı əvvəlki razılaşmaların həyata keçirilməsinin və yeni razılaşmaların imzalanmasının əhəmiyyətini vurğulayıb:
 "Fransalı nazir də öz növbəsində ölkəsinin ikitərəfli əməkdaşlığı daha da inkişaf etdirməyə sadiq qalacağını bildirib. Papikyan və Lekornu əməkdaşlığın uzunmüddətli və institusional əsasda qurulduğunu bəyan ediblər. Bu da o deməkdir ki, iqtidarlar dəyişsə də, lakin Fransa-Ermənistan hərbi əməkdaşlığı davam edəcək. 
Sözügedən səfərlər çərçivəsində əldə edilən nəticələrdən və Fransa Prezidenti Emmanuel Makronun son addımlarından da görünən budur ki, Ermənistan artıq tam olaraq Fransanın və Avropa İttifaqının (Aİ) patronajlığı altına keçir. Fransanın Ermənistanı açıq şəkildə silahlandırması, Aİ-nin isə dırnaqarası "Sülh Fondu"ndan Ermənistanın hərbi sahədə gücləndirilməsi üçün maliyyə vəsaiti ayırması Qərbin Cənubi Qafqazda növbəti hərbi eskalasiyaya hazırlaşmasından xəbər verir. Burada Ermənistanın müdafiə məqsədilə silahlandırılmasından hər hansı söhbət belə gedə bilməz. Çünki Fransanın Ermənistana verdiyi silahlar müdafiə yox, hücum xarakterli öldürücü silahlardır".

Analitikə görə, Azərbaycan Ermənistanın sürətlə silahlanmasına seyrçi gözüylə yanaşa bilməz:
 "Ermənistanın sözügedən ölkələr tərəfindən ardıcıl surətdə silahlandırılması Azərbaycanda ciddi narahatlıq doğurur. Bu da təbiidir. Çünki Ermənistanla sərhədə yaxın yerləşən yaşayış məntəqələrinə keçmiş məcburi köçkünlərin qayıdışı davam edir. Onların təhlükəsizliyinin təmin edilməsi bizim üçün prioritetdir. Bu mənada biz bu prosesi yalnız kənardan müşahidə edə bilmərik. Rəsmi Bakı bununla bağlı dəfələrlə öz narahatlığını Fransa hökumətinin və Birləşmiş Ştatların rəhbərliyinin diqqətinə çatdırıb. Təbii ki, Ermənistanın sürətlə silahlandırılmasının müqabilində Azərbaycan da müəyyən adekvat tədbirlər görməyə davam edir. İlkin cavab tədbiri kimi Azərbaycan 2025-ci il üçün hərbi büdcəsini artırıb. Bu isə qalib Ordumuzu ən müasir silahlarla təchiz etməyə imkan verəcək. Lakin rəsmi İrəvan bunu da bilməlidir ki, hazırkı silahlanma Ermənistanı növbəti fəlakətə sürükləyir. Prezidentin bəyan etdiyi kimi, Ermənistan bizimlə silah yarışında tab gətirməyəcək. Heç bir qüvvə və heç bir silah Ermənistanı labüd məğlubiyyətdən xilas etməyəcək. Əlbəttə, Fransa Ermənistanın xilaskarı rolunda çıxış edə bilər, lakin xilaskar ola bilməz. Ona görə də ermənilər İkinci Qarabağ müharibəsinin və antiterror əməliyyatının nəticələrini unutmamalıdırlar".