Bu ilin may ayında Qazax rayonunun 30 il işğal altında olan Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılı kəndləri rəsmən Azərbaycana geri qaytarıldı.
Bu razılaşma Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası üzrə komissiyanın 2024-cü il 19 apreldə əldə olunmuş razılaşma əsasında həyata keçirilib. Delimitasiya işləri nəticəsində 12,7 km uzunluğunda sərhəd xətti müəyyən edilib və Qazax rayonunun 4 kəndinin - Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılının ərazilərinin (6,5 kv. kilometr) Azərbaycana qaytarılması təmin edilib.
Bu hadisənin çox böyük tarixi əhəmiyyəti var. Sovet İttifaqının 1991-ci ildə dağılmasından bəri ilk dəfə Azərbaycan və Ermənistan dövlət sərhədinin delimitasiyası üzrə razılığa gəlib. Artıq sərhədin 12,7 km uzunluğunda olan hissəsi şərti deyil, real sərhəd xəttidir və qarşılıqlı şəkildə tanınır.
Qeyd edək ki, sözügedən kəndlərin qaytarılması heç də Ermənistan hakimiyyətinin, Nikol Paşinyanın xoş niyyəti nəticəsində olmayıb. Məhz cənab Prezidentin qəti iradəsi və prinsipial addımları Ermənistanı həmin kəndləri qaytarmağa məcbur etdi.
Politoloq Tural İsmayılov "Sherg.az"a deyib ki, Ermənistan əsla bizim bölgəmizdə kompromisə gələn və sülhpərvər ölkə kimi xarakterizə edilə bilməz:
"Ermənistan mütləq şəkildə Azərbaycanın qalib tərəf kimi diqtə etdiyi şərtləri yerinə yetirmək məcburiyyətindədir. Qazaxın 4 kəndinin qaytarılması sərhədlərin delimitasiya və demarkasiyası prosesi fonunda baş verib. Əslində Paşinyan hətta 4 kəndin geri verilməsini daha da uzatmağa çalışırdı. Vəziyyətin daha da gərginləşməsi üçün əlindən gələni edirdi. Lakin bütün bunlara baxmayaraq Azərbaycanın ləyaqətli və dürüst mövqeyi, eyni zamanda ölkəmizin beynəlxalq münasibətlər sisteminin normallaşması ilə bağlı atdığı addımlar müstəvisində Ermənistan Azərbaycanın təklifləri ilə razılaşmaq məcburiyyətində qalıb. Bundan sonra isə sərhədlərin delimitasiya və demarkasiyası davam etməlidir. İki ölkə arasında Ermənistanın səhvləri ucbatından hələ xeyli həll edilməmiş problemlər qalmaqdadır. Bunların həlli üçün isə Paşinyan hakimiyyəti normal dövlət ləyaqəti və etikası nümayiş etdirməlidir. Digər tərəfdən Ermənistanın öz riyakarlığından əl çəkməsi önümüzdəki illərdə də mümkün olmayacaq. Çünki bu dövlətin ipi öz əlində deyil. Ermənistanı xaricdəki güc faktorları idarə edir. Onların regionla bağlı təhlükəli planlarında Ermənistan iştirakçı qismində çıxış edir. Ona görə də belə bir ölkə ilə hətta sülh müqaviləsi imzalansa da, biz həmişə onlardan təhdidlər gözləyə bilərik".