Ülviyyə Zülfiqar: İcma Qərbi azərbaycanlıların qayıdış hüququ təmin olunana qədər fəaliyyətini davam etdirəcək

Bu il Ermənistandan qovulmuş 300 minə yaxın azərbaycanlının hüquqları məsələsi diqqət mərkəzində saxlanılıb. Bu, Xarici İşlər Nazirliyinin 2024-cü ilin yekunlarına dair mətbuat buraxılışında əksini tapıb. Qərbi Azərbaycan İcmasının müvafiq müraciətlərinin BMT və digər beynəlxalq platformalarda rəsmi sənədlər kimi yayılması təmin olunub. Nazir Ceyhun Bayramov BMT Baş Assambleyasında çıxışı zamanı, İcmanın hüquqlarının pozulduğunu, dialoqa başlamaq və onların öz yurdlarına təhlükəsiz və ləyaqətli qayıdışlarını təmin etmək üçün dəfələrlə çağırışlarına baxmayaraq, mühüm beynəlxalq aktlarda təsbit olunmuş qayıdış hüquqlarının Ermənistan tərəfindən rədd edildiyi vurğulanıb.

Qərbi Azərbaycan İcmasının İctimaiyyətlə əlaqələr və Qərbi Azərbaycan Televiziyası şöbəsinin müdiri - Mətbuat Katibi Ülviyyə Zülfiqar “Sherg.az”a bildirib ki, Qərbi Azərbaycan İcması bu ildə hər dəfə olduğu kimi soydaşlarımızın geri qayıdış hüququnun təmin olunması istiqamətində xarici səviyyədə fəaliyyətini davam etdirib:

“Qərbi Azərbaycan İcmasının 8 sənədi Bİrləşmiş Millətlər Təşkilatının rəsmi sənədi kimi dövr olunub. Onların arasında qayıdış konsepsiyası da mövcuddur. Bu konsepsiya beynəlxalq hüququn norma və prinsiplərinə əsasən hazırlanıb. Bu il də Qərbi Azərbaycan İcmasının rəsmiləri, millət vəkilləri və qrumun özünün aparatından olan nümayəndələr Birləşmiş Millətlər Təşkilatı, Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı, Avropa İttifaqında soydaşlarımızın qayıdışı ilə bağlı apardıqları işləri davam etdiriblər. Bundan əlavə Qərbi Azərbaycan İcması “Qayıdış Konsepsiyası” qəbul olunduqdan dərhal sonra Ermənistanın Baş naziri Nİkol Paşinyana müraciət edərək onu geri qayıdış hüququmuzun təmin olunması istiqamətində dialoqa çağırdı. Lakin bu dialoqa hələ də cavab yoxdur. Eyni zamanda rəsmi İrəvan tərəfindən mədəni irsimizin dağıdılması ilə bağlı UNESCO-dan Ermənistana faktaraşdırıcı missiya göndərməsi ilə bağlı tələb irəli sürdük. Həmin missiyanın gəlməsinə də Ermənistandan tərəfindən maneə törədilir. Qərbi Azərbaycan İcması beynəlxalq ictimaiyyətə müraciətləri zamanı dəfələrlə onları Ermənistana soydaşlarımızın geri qayıtması istiqamətində çağırışlar etməyə səsləmişik. İkili standartlardan çıxış edən bəzi beynəlxalq aktorlara müraciətimiz zamanı bildirmişik ki, sözügedən hadisə yolverilməzdir və 300 mindən çox Qərbi azərbaycanlının geri qayıdış hüququ tanınmalıdır. Qərbi Azərbaycan İcması intensiv fəaliyyətini Qərbi azərbaycanlıların geri qayıdış hüququ təmin olunana qədər və ondan sonra da davam etdirəcək”.