Azərbaycan beynəlxalq aləmdə öz obrazını tamam yeniləyib
Xəbər verdiyimiz kimi, Azərbaycan yekdilliklə İqtisadi Əməkdaşlıq Təşkilatının (D-8) üzvü seçilib. D-8 İqtisadi Əməkdaşlıq Təşkilatı səkkiz müsəlman ölkəni birləşdirir. Təşkilatın təməli Türkiyənin təşəbbüsü ilə 1996-cı il oktyabrın 22-də İstanbulda Banqladeş, İndoneziya, İran, Malayziya, Misir, Nigeriya və Pakistanın əməkdaşlığı ilə təşkil edilən İnkişaf Əməkdaşlıq Konfransında atılıb. 1997-ci il iyunun 15-də İstanbulda 8 ölkənin dövlət və hökumət başçılarının sammitində təşkilat rəsmən elan olunub. Təşkilatın Katibliyi İstanbul şəhərində yerləşir. D-8 üç qitəni əhatə edir. 4 trilyon ABŞ dollarından artıq ÜDM-yə malikdir. Eyni zamanda 130 milyard ticarət dövriyyəsi həyata keçirir, üzv ölkələrin əhalisinin sayı ümumilikdə dünya müsəlmanlarının 60 faizini təşkil edir. Bu isə həm də o deməkdir ki, D-8 böyük iqtisadi potensiala malikdir. Perspektivlərə gəlincə, onlardan birincisi iqtisadiyyatın diversifikasiyasıdır. D-8 ölkələri bu sahədə birgə fəaliyyət göstərərək, xammal əsaslı məhsullardan asılılığı azalda, istehsalat, texnologiya və xidmət sahələrinə yönəlmək imkanı əldə edir. D-8 ölkələrində yaşayan əhalinin ümumi sayı 1 milyarddan çoxdur. Bu isə əlbəttə ki, onların qarşısında geniş bazar potensialının açılmasına imkan verəcək. Həmin ölkələr istehsal etdiyi məhsulları dünya bazarına çıxarmaqla, kapitallarını əhəmiyyətli şəkildə artırmaq imkanı qazanır. Bu sahədə transformasiyanın sürətləndiyi bir vaxtda haqqında bəhs olunan təşkilatın üzvləri elektron kommersiya və texnologiyalar sahəsinin yaratdığı imkanları geniş şəkildə araşdıraraq, həm əlavə gəlir cəlb edə, həm də bu sahədə təcrübə mübadiləsini həyata keçirmək imkanına malikdirlər. Digər ölkələrlə əməkdaşlıq D-8 üzvü olan dövlətlər üçün prioritet təşkil edir. Ümumilikdə quruma üzv olan bir sıra ölkələrin bərpa olunan enerji sahəsində geniş potensialı var. D-8 ilk növbədə fundamental siyasi elementlərdən olan münaqişələr əvəzinə sülh prinsipini başlıca məqsəd kimi müəyyənləşdirir. Qurumun önəmli prinsipi olan “mübahisələr əvəzinə sülh” prinsipi üzv ölkələr və onların həyata keçirdiyi regional-qlobal siyasətlə düz-mütənasiblik təşkil edir. Yəni dünyanın demək olar ki, bütün hegemon dövlətlərindən fərqli olaraq D-8 ölkələri siyasi məcradakı hətta ən kəskin fikir ayrılıqlarının və mövqe müxtəlifliyinin belə dialoq, danışıqlar və müzakirələr yolu ilə həllinə açıq və aktiv dəstək verir. D-8 təşkilatı istismarı qəti şəkildə rədd edir, ölkələr arasında dərin siyasi-iqtisadi əməkdaşlığın qurulmasını dəstəkləyir. Onun məqsəd və məramı əsasən sıx əməkdaşlığın və ya ortaqlığın qurulmasınndan ibarətdir. D-8 ölkələrin bir-birinin malik olduğu resurslardan əməkdaşlıq çərçivəsində faydalanmağın tərəfdarıdır. Dünya miqyasında zülm əvəzinə demokratiya, diskriminasiya deyil, məhz hüquqi bərabərlik prinsiplərini rəhbər tutan D-8 İqtisadi Əməkdaşlıq Təşkilatı səkkiz müsəlman ölkəni birləşdirir. D-8-in qarşısındakı qlobal məqsədlərindən biri də üzv ölkələr arasında ticarət sahəsindəki əngəllərin aradan qaldırılması və birbaşa investisiyaların təşviqinə nail olmaqdan ibarətdir. Bərpa olunan enerji mənbələrindən birgə istifadə sahəsində geniş imkanlara malik olan D-8 ölkələri bu sahədə əməkdaşlığı genişləndirsələr, bu, onların digər mənbələrdən, xüsusilə tükənən enerji resurslarından asılılığını əhəmiyyətli dərəcədə azaldacaq. Beləliklə, əgər nəzərdə tutulan məqsədlər reallaşsa, D-8 inkişaf etməkdə olan digər ölkələr üçün əsl müsbət nümunə olacaq. Bu yolda Azərbaycan da malik olduğu potensialla öz mühüm töhfələrini, sözsüz ki, əsirgəməyəcək. 19 dekabr 2024-cü il Azərbaycanın müstəqillik tarixində beynəlxalq diplomatik uğurlar sırasına daxil olan növbəti əlamətdar hadisə kimi yadda qalıb. D-8 təşkilatına üzvlük Azərbaycanın növbəti diplomatik qələbəsidir. Ölkəmizin D-8 üzvlüyü bir daha sübut edir ki, Azərbaycan hazırda sürətlə inkişaf edən, davamlı ictimai-siyasi sabitliyə malik, yüksək iqtisadi göstəricilərə nail olan və dünya ictimaiyyətinin rəğbətini qazanan dövlətlərdəndir. Ədaləti və beynəlxalq hüququn norma və prinsiplərini özünün prioritet məqsədi kimi qarşıya qoyan ölkəmiz D-8-in təməl prinsiplərinin qorunmasına, təşkilat çərçivəsində əməkdaşlığın daha da dərinləşməsində mühüm rol oynayacaq.
Üzvlərinin əhalisinin sayının ümumilikdə dünya müsəlmanlarının 60 faizini təşkil edən və böyük iqtisadi potensiala malik “İslam Səkkizliyi” adlanan D-8-ə ölkəmizin üzvlüyü Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzunun və ölkəmizə olan etimadın bariz nümunəsidir. Ədaləti və beynəlxalq hüququn norma və prinsiplərini özünün prioritet məqsədi kimi qarşıya qoyan ölkəmiz D-8-in təməl prinsiplərinin qorunmasına, təşkilat çərçivəsində əməkdaşlığın daha da dərinləşməsində mühüm rol oynayacaq. Bu çərçivədə həmçinin geniş regionumuzda təhlükəsizliyin, sabitliyin, rifahın və qarşılıqlı faydalı əməkdaşlığın formalaşması, eləcə də iqtisadi və ticarət, nəqliyyat, kommunikasiya və bir sıra digər vacib istiqamətlərdə əlaqələrin inkişaf etdirilməsi mühüm əhəmiyyət kəsb edir. Tarix boyu Şərq ilə Qərb arasında körpü rolu oynamış, İslam dünyasının əsas mədəni, dini və sivilizasiya mərkəzlərindən biri olan Azərbaycanın D-8 üzvlüyü eyni zamanda, İslam həmrəyliyinin möhkəmlənməsində, İslam dəyərlərinin dünyada təbliğində və islamafobiya ilə mübarizə sahəsində böyük töhfə olacaq.
Siyasi elmlər doktoru, professor Elşad Mirbəşiroğlu "Sherg.az"a deyib ki, Azərbaycan beynəlxalq platformalarda hər zaman öz fəallığı ilə seçilir və beynəlxalq təşkilatlar çərçivəsində də Azərbaycanın xüsusi yeri və rolu müşahidə olunur. Professorun sözlərinə görə, D-8 təşkilatına Azərbaycanın üzv seçilməsi bir daha ona dəlalət edir ki, ölkəmizin nüfuzu günü-gündən artmaqdadır:
"Azərbaycanın müəyyənləşdirdiyi siyasi kurs qarşımızda duran hədəflərə çox effektiv şəkildə bizi çatdırmaqdadır. Diqqəti cəlb edən başlıca cəhət ondan ibarətdir ki, D- 8 təşkilatı yarandığı 1996-cı ildən bəri ilk dəfədir ki, genişlənir. Yəni Azərbaycan təşkilatın yarandığı dövrdən ötən zaman ərzində ilk ölkədir ki, təşkilata üzv olur. Artıq təşkilatın doqquz üzvü var. Nəzərə almaq lazımdır ki, bu iqtisadi əməkdaşlıq təşkilatı müsəlman dövlətlərindən ibarətdir. Azərbaycan təkcə özünün iqtisadi inkişafına görə deyil, həm də ümumiyyətlə, müsəlman dünyasında dialoqun təşviqinə, inkişaf etdirilməsinə, İslam mədəniyyətinin dünyada tanıdılmasına çox ciddi töhfələr verən bir dövlətdir. Azərbaycanın müsəlman ölkələri içərisində liderliyi getdikcə daha da parlaq şəkildə özünü büruzə verməkdədir. Hesab edirəm ki, ölkə rəhbərinin həm daxili, həm xarici siyasətinin uğurları ölkəmizin beynəlxalq əməkdaşlıq sistemində yerini, rolunu, imkanlarını daha da genişləndirməkdədir".
E.Mirbəşiroğlu vurğulayıb ki, ərazilərimiz Ermənistanın işğalından azad olunduqdan sonra Azərbaycan öz obrazını tamam yeniləyib:
"Müvafiq olaraq beynəlxalq iqtisadi əməkdaşlıq sistemində də ölkəmiz daha fəal və daha təsirli rol oynamağa başlayıb. D-8 İqtisadi Əməkdaşlıq Təşkilatının təşkilatı çərçivəsində Azərbaycan ilk dəfə olaraq 2017-ci ildə prezidentin təmsilçiliyi ilə iştirak edib. Həmin dövrdə Azərbaycan Prezidenti cənab İlham Əliyev xüsusi qonaq qismində təşkilatın sammitinə qatılıb. Bu, doqquzuncu sammit idi və 11-ci sammitdə artıq Azərbaycan yekdilliklə təşkilata tamhüquqlu üzv seçilib. Ölkəmizin əməkdaşlıq imkanları daha da genişlənəcək. Həmçinin ərazi bütövlüyümüz təmin olunduqdan sonra daha böyük iqtisadi potensial imkanlarımızı realizə etməyə imkan verəcək. Qarşımızda duran hədəflərə daha uğurla çatmağa şərait yaradacaq. Ayrıca Azərbaycan yeni iqtisadi əməkdaşlıq istiqamətlərini müəyyənləşdirmək imkanına sahib olacaq. Azərbaycanın töhfəsi ondan ibarət olacaq ki, inkişaf etməkdə olan müsəlman dövlətləri arasında əlaqələrin daha da sıxlaşdırılması imkanlarını genişləndirsin. Ölkəmiz bu istiqamətdə çoxsaylı uğurlara imza atıb. Bu, ölkəmizin son illərdə qazanmış olduğu ən böyük uğurlardan biridir. Bir daha Azərbaycanın beynəlxalq müstəvidə nüfuzuna,ona olan inama, ehtirama dəlalət edir".