ABŞ-ın Polşa vətəndaşları üçün viza rejimini aradan qaldırması iki ölkə arasında turizmin inkişafına yeni təkan verib.
Azərtac xəbər verir ki, qərarın tezliklə qüvvəyə minəcəyi gözlənilir. Həmin tarixdən etibarən Polşa aviaşirkətləri sözügedən istiqamətə yeni reyslər açmağı planlaşdırır.
Polşa hava yolu şirkəti olan “LOT” artıq gələn ilin avqust ayından etibarən Varşavadan San-Fransiskoya birbaşa aviareys açacaq. Bu reys həftədə 4 dəfə həyata keçiriləcək.
Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp oktyabrın 4-də Polşa vətəndaşlarının ölkəsinə vizasız gələ biləcəklərini açıqlamışdı. Polşa hökuməti artıq 10 ildən çoxdur ki, bu qərarın verilməsi istiqamətində çalışırdı. Qərar qüvvəyə mindikdən sonra ölkə vətəndaşları ABŞ-a 90 gündən çox olmamaq şərti ilə vizasız səyahət edə biləcəklər.