“ABŞ Nümayəndələr Palatasının qanun layihələri insanlıq adına ləkə sayıla biləcək tarixi bir ədalətsizlikdir”. Bunu Sherg.az-a açıqlamasında millət vəkili Nəsib Məhəməliyev deyib.
Deputatın sözlərinə görə, müxtəlif dövrlərdə xalqlara qarşı həqiqi soyqırımı törətmiş ölkələrin heç bir hüquqi əsas olmadan başqalarını ittiham etməsi beynəlxalq hüquq normalarının tam deqradasiyası deməkdir:
“Əvvəla heç bir ölkənin parlamentinin tarixi proseslərə qiymət verməsi qəbul edilməzdir. İkincisi, Türkiyə dəfələrlə bu mövzunun birdəfəlik qapanması üçün tarixçilərdən ibarət beynəlxalq komissiyanın yaradılmasını təklif edib. Ankara hökuməti həm özünün, həm də digər dövlətlərin arxivlərinin açılması barədə rəsmi bəyanatlar verib. Təəssüf ki, bu çağırışlara əhəmiyyət vermədən, böyük dövlətlər mənfur erməni yalanlarının bütün dünyada yayılmasına tam şərait yaratmaqda davam edirlər. Çünki gözəl başa düşürlər ki, tarixdə “erməni soyqırımı” deyə hadisə baş verməyib”.
Nəsib Məhəməliyev: "Bu qərarla çox yanlış olmaqla bərabər, həm də Türkiyə-ABŞ münasibətlərinə böyük zərər vurur"
Parlament üzvünün sözlərinə görə, qətnamələr zaman-zaman xəstə erməni millətindən alət kimi istifadə edən məkirli qüvvələrin uydurmasıdır:
“Bu qərarla çox yanlış olmaqla bərabər, həm də Türkiyə-ABŞ münasibətlərinə böyük zərər vurur. Hər iki strateji müttəfiq uzun illərə söykənən dostluq münasibətlərini cılız erməni yalanlarına qurban verməməlidir. Onu da nəzərə alsınlar ki, Türkiyə artıq əvvəlki illərin Türkiyəsi deyil. Qardaş ölkə bütün tarixi çətinliklərdən üzü ağ çıxdığı kimi, bu çətinliklərə də sinə gərəcək. Güclü, daha da inkişaf etmiş dünya güclərindən birinə çevriləcək. Hər zaman olduğu kimi Azərbaycan qardaş Türkiyənin yanındadır”.