Mən komandanın parçalanma təhlükəsini görürdüm. Axar.az xəbər verir ki, bunu Gürcü Arzusu Partiyasının sədri Bidzina İvanişvili “İmedi” televiziyasına müsahibəsində deyib. O, partiyadan deputatların uzaqlaşmasının, eləcə də 2020-ci il parlament seçkisinin proporsional sistemlə keçirilməsiylə bağlı verilən vədin icra edilməməsinin partiyaya ziyan vurduğunu bildirib:
“Mən komandanın parçalanma təhdidini gördüm. Edə biləcəyim ilk iş parlamentdəki səsverməyə qədər çoxluğun iclasını keçirmək idi. Bizim əminliyimiz yox idi, amma ümid edirdik ki, proporsional sistemlə bağlı layihə parlamentdən keçəcək. Bu fonda biz səsverməyə izn verdik. Belə ki, majoritar sistemlə seçilən deputatların partiya qarşısında məsuliyyəti yoxdur. Olan oldu.
Bizə ziyan dəydi. Komandaya təkcə öz verdiyi vədini icra edə bilmədiyi üçün yox, eləcə də çoxlu sayda dəyərli üzvünü itirdiyi üçün zərər dəydi. Əgər situasiyanı ümumi olaraq dəyərləndirsək, dramatik heç nə baş verməyib. Baş verənləri komanda üzvləri fərqli və emosional qəbul edir. Biz gənc partiyayıq və bəlkə bu şeylər vaxtından əvvəl baş verib, amma ölkələrin inkişafına nəzər yetirsəniz görərsiniz ki, dünyada vədlərini tam icra edən heç bir partiya yoxdur. Dramatik heç nə baş verməyib”.
Qeyd edək ki, Gürcü Arzusu parlament seçkisinin proporsional sistemə keçməsi ilə bağlı vədini yerinə yetirməyib. Buna etiraz olaraq Tiflisdə müxalifətin ardıcıl aksiyaları keçirilir, Gürcü Arzusunu isə 9 deputat bu səbəbdən tərk edib.