Böyük Britaniyada ümumi parlament seçkiləri indi - təyin olunan vaxtdan iki həftə öncə keçirilsəydi, Mühafizəkarlar partiyası İcmalar palatasında çoxluğa nail olardı.
AZƏRTAC “The Times” qəzetinə istinadla xəbər verir ki, bu nəticə “YouGov” sosiologiya kompaniyasının keçirdiyi ictimai rəy sorğusuna əsaslanır.
Sorğunun nəticələrinə əsasən, hazırkı vəziyyətdə tori 650 yerlik icmalar palatasında 359 yerə, onların əsas opponenti – müxalif Leyborist partiyası 211 yerə, Şotlandiya Milli partiyası 43 yerə, liberal demokratlar isə 13 yerə sahib ola bilər.
Hazırda İcmalar palatasında mühafizəkarlar və leyboristlər arasında fərq 11 faiz təşkil edir. Bu fərq 7 faizdən aşağı düşəcəyi təqdirdə tori parlament çoxluğundan məhrum ola bilər.
Baş Nazir və mühafizəkarların lideri Boris Conson dekabrın 12-nə təyin olunan növbədənkənar seçkilərin köməyi ilə Brexit şərtləri barədə sazişi dalandan çıxarmağa ümid bəsləyir.