İspaniyanın Xilasetmə Xidməti qayıqla ölkə sahillərinə çatmış 58 miqrantı, o cümlədən üç uşağı xilas edib.
AZƏRTAC xəbər verir ki, İspaniyanın Melilya limanından 50 kilometr şimalda dənizdə dörd miqrant həlak olub, azı 10 adam itkin düşüb. Xilas edilmiş üç miqrant ağır vəziyyətdə şəhər xəstəxanasına çatdırılıb. Xilas edilənlər arasında üç uşaq və on qadın var. Xilasetmə əməliyyatı zamanı artıq yarımbatmış vəziyyətdə olan qayıqda üç nəfərin cəsədi aşkar edilib.
Afrikanın Böyük səhra zonasından olan miqrantlara Qırmızı Xaç Cəmiyyətinin könüllüləri tibbi yardım göstəriblər. Sağ qalanları miqrantların müvəqqəti yaşayış məntəqəsinə çatdırıblar.
Qeyd edək ki, təkcə son həftə ərzində, o cümlədən sonuncu hadisəyə qədər Melilyaya 170-dək miqrant gəlib. İspaniya DİN-in məlumatına görə, noyabrın 14-nə qədər İspaniya sahillərinə 485 miqrant gəlib.