Saakaşvili dönüşünə inanır: Yaranmış vəziyyətdən istifadə edəcək

Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili 2013-cü ildə ölkəsini tərk etməsinin səbəbini açıqlayıb. Eks-prezident bu qərardan peşman olduğunu deyib. Saakaşvili nə olursa olsun, ölkəni tərk etməyin ən pis çıxış yolu olduğunu ifadə edib: “Bu gün ən çox ona təəssüflənirəm ki, 2013-cü ildə Gürcüstanı tərk elədim. Hər şeyi arxada qoydum və getdim. 

Ölkədən tutulacağımdan qorxduğum üçün çıxmadım. Bilirsiz ki, məni Ukraynada da bununla hədələyirdilər. Ona görə getdim ki, insanlar artıq məndən yorulmuşdular. Amma indi fikirləşirəm ki, səhv etmişəm”. 



“Sabiq prezidentin gürcü cəmiyyətində nüfuzu yüksəkdir və Qərbin dəstəklədiyi siyasətçidir”


“Atlas” Araşdırmalar Mərkəzinin eksperti Kənan Paşayev “Şərq”ə bildirib ki, sabiq rəhbərin “peşmanlığı” Gürcüstanın hazırkı siyasi vəziyyətindən qaynaqlanır: 

“Məncə, Saakaşvili düşünür ki, Gürcüstanda hazırda baş verən siyasi proseslərdən istifadə edib, hakimiyyətə gələ bilər. Saakaşvili sabiq prezident kimi gürcü cəmiyyətində kifayət qədər nüfuza malikdir. Eyni zamanda Qərbin də dəstəklədiyi siyasətçidir. Bu baxımdan indiki qarışıqlıqdan istifadə edərək asanlıqla hakimiyyətə gələ biləcəyini düşünür. Məhz o səbəbdən peşmanlıq ifadə edərək ölkədən getməsinin yanlış addım olduğunu söyləyir. Həm də Saakaşvili hakim “Gürcü Arzusu”nun siyasətindən bezən gürcülərin yenidən ona dəstək verəcəyindən ümidlidir”.