İran parlamentinin sədri Əli Laricani yenidən spiker postu uğrunda mübarizə aparmayacağını bəyan edib. İran parlamentinin sədri ildə bir dəfə, qaydaya əsasən, mayda seçilir. Laricani 2008-ci ildən İran parlamentinin sədri postunu tutur. O, sonuncu dəfə 2019-cu ilin mayında 274 deputatdan 155-nin dəstəyi ilə spiker seçilib. Parlament rəhbəri bildirib ki, 12 il parlamentə rəhbərlik etmək üçün yetərli müddətdir:
“Mən parlamentin sədri postu uğrunda mübarizə aparmamaq barədə qərarı birdən-birə qəbul etməmişəm. Uzun müddət bu barədə düşünmüşəm. Qərarım parlamentin fəaliyyətinə təsir göstərməyəcək. Parlamentdə bu postu tutacaq və bunu bacaracaq digər deputatlar var”. Ekspertlərin sözlərinə görə, bu, olduqca maraqlı gedişdir. Çünki Laricani qəfildən, daha doğrusu, özbaşına geri çəkiləcək siyasətçi deyil. Ümumiyyətlə, İranda parlament seçkiləri yaxınlaşdıqca maraqlı hadisələr baş verməkdədir.
“12 illik spiker prezidentlik təşəbbüsü ilə çıxış edərsə, seçilmə şansı yüksək olar”
Parlament sədrinin bəyanatını şərh edən siyasi ekspert Zeynal Əmralıyev deyib ki, Laricani ailəsinin İran rəhbərliyinə iddialı olması ölkədə hamıya bəllidir. Gənc politoloqun sözlərinə görə, burada söhbət həm ali dini liderlikdən, həm də prezidentlikdən gedir:
“Laricani ailəsinin bunu reallaşdırmaq üçün gücü və potensialı var. Bu ailə İranda çox güclü dini-siyasi soylardan hesab edilir. Onların həm mühafizəkar, həm də reformist qanad içində güclü dəstəkçiləri var. Ancaq son zamanlar bu ailə ətrafında qəribə proseslər cərəyan etməkdədir. Məlumat üçün deyim ki, Laricaninin qardaşı Sadiq hakimiyyətin digər qolu olan məhkəmə sisteminə rəhbərlik edirdi. Lakin bir müddət əvvəl ali dini lider Əli Xameneyi onu vəzifədən azad etdi. Yerinə hazırkı prezident Həsən Ruhaninin seçkilərdə rəqibi olmuş İbrahim Rəisini gətirdi. Məsələ ondadır ki, həm Rəisi, həm də Sadiq Laricani Xameneyinin yerinə keçəcək potensial şəxslər hesab edilirdi”.
Analitik vurğulayıb ki, İranda hazırda Rəisinin mövqelərinin Laricanidən güclü olduğu görünür:
“Ehtimal etmək olar ki, Sadiq Laricani bu mübarizədə İbrahim Rəisiyə uduzub. Ancaq bu ailənin İranın siyasi həyatında belə asanlıqla geri çəkilməsi heç də inandırıcı deyil. Nə bilmək olar, bəlkə 2019-cu ildə İran siyasətini parlament sədri kimi tərk edən Əli Laricani 2021-ci ildə prezidentliyə namizəd kimi geri dönəcək. Əgər 12 illik spiker prezidentlik təşəbbüsü ilə çıxış edərsə, seçilmə şansı yüksək olar”.