“Suriya məsələsi ilə bağlı görüşlərə böyük inam bəsləməyin tərəfdarı deyiləm”. Bunu Sherg.az-a açıqlamasında politoloq Azər Rəşidoğlu deyib. Analitik bildirib ki, Suriya torpaqlarında oynanılan “oyunlar” yeni mərhələnin başlamasının anonsudur:
“Səhnədə çox “oyunçu” var, lakin əsas və aktiv fiqurlar artıq bəllidir. Bunlar bilindiyi kimi, ABŞ, Rusiya, İran və Türkiyədir. Türkiyənin Suriyada aktiv rol alması, geosiyasi maraqları artırmaqla yanaşı, həm də Suriyadakı "status-kvo"nun qorunub saxlanılmasında maraqlı olan tərəflərin planlarını alt-üst etmiş sayıla bilər. Belə ki, Ankara milli və dövlət təhlükəsizliyini terrorçulardan qorumaq məqsədilə “Fırat qalxanı”, “Zeytun budağı”, indi isə “Barış bulağı” əməliyyatlarını keçirməklə, Suriyada, o cümlədən dünyada önəmli rola malik olduğunu ortaya qoyur, həm də qlobal güclərin imperiya maraqlarını zədələmiş olur. Təbii ki, Ankaranın bu davranışları Moskva və Vaşinqtonun ürəyincə deyil, ancaq onlar Ankara ilə hesablaşmaq məcburiyyətindədir. Hətta ABŞ Suriya məsələsində Ankaranı oyundan kənarda saxlamaq üçün NATO-dakı müttəfiqi olan Türkiyəyə qarşı sanksiya tətbiq etməkdən belə çəkinmir, Tramp Ərdoğana heç bir diplomatik normaya sığmayan məktub göndərir. Türkiyə dövlətinin və cəmiyyətinin qətiyyəti, dik duruşu isə onların istəklərinə əngəl olur”.
Azər Rəşidoğlu: “Ankaranın bu davranışları Moskva və Vaşinqtonun ürəyincə deyil, ancaq onlar Ankara ilə hesablaşmaq məcburiyyətindədir”
Siyasi şərhçinin fikrincə, şəriksiz bölgə hakimliyi maraqlarını təmin edə bilməyəcəklərini anlayan güclər bir sıra məqamlarda Türkiyə ilə hesablaşmağa məcbur qalırlar:
“Təsadüfi deyil ki, beş gün içərisində dünyanın iki super gücü - ABŞ və Rusiya Türkiyə ilə danışıqlar masasına əyləşməli oldu. Suriyada əməliyyatların dayandırılmasına dair 120 və 150 saatlıq razılaşma əldə edildi. Bu razılaşmalardan başqa nəticələr də çıxarmaq olar. Həm ABŞ, həm də Rusiya tam güclü Türkiyə ilə razılaşmalara getməklə, müəyyən məqsəd və maraqlarını təmin etmək niyyətindədir. Əslində, ABŞ və Rusiyanın beynəlxalq problemlərlə deyil, ancaq özlərinin mənfəəti naminə “seçilmiş problemlərlə” maraqlandığı sirr deyil. Buna görə də onlar, xüsusən də ABŞ azadlıq və demokratiya üçün səy göstərdiyini hər nə qədər iddia etsə də, öz maraqları naminə diktatorları, hərbi çevrilişlə iqtidara gələnləri, hətta terrorçuları belə bütün dünyanın gözü qarşısında müdafiə edirlər”.
A.Rəşidoğlu vurğulayıb ki, Afrin əməliyyatı zamanı Amerika hərbçilərinin YPG və PYD terrorçularına verdikləri silahları türk əsgərləri ələ keçirəndə Vaşinqtonun niyyəti dünyaya bir daha bəyan oldu:
“Türkiyə ordusu terrorçulardan qənimət kimi əldə etdiyi ABŞ silahlarını heç Vaşinqtona təhvil də vermədi, öz arsenalında saxladı. Ağ Evin səsi belə çıxmadı. Son vaxtlar Türkiyə-Rusiya münasibətlərində də hər nə qədər yaxınlıq nəzərə çarpsa da, Moskvanı narahat edən bu və ya buna bənzər məqamlar var. Yoxsa, niyə terrorçuların sağ qalması üçün dəhliz yaradılsın ki? Əgər söhbət beynəlxalq terrorizmlə mübarizədən gedirsə, o zaman dövlətlərin terror təşkilatlarının qayğısına qalmaq kimi dərdi olmamalıdır. Əksinə, terrorla mübarizədə qətiyyətli olan Türkiyə kimi ölkələrlə eyni cərgədə durmalıdırlar”.