Terrorçu təşkilat parçalanır: Türkiyə PKK-ya ağır zərbələr vurdu

Türkiyə Silahlı Qüvvələrinin PKK terrorçularına qarşı mübarizəsi davam edir. 3 gün əvvəl Şırnakda baş verən terror aktından sonra PKK-ya qarşı əməliyyatlar bir qədər də genişləndirilib. Əməliyyatlar zamanı xeyli terrorçu zərərsizləşdirilib və təşkilatda önəmli sayılan şəxslər əsir götürülüb. 

Bundan əlavə, 300-ə yaxın terrorçu təşkilatdan qaçaraq Türkiyənin təhlükəsizlik qüvvələrinə təslim olub. Əməliyyatlar çərçivəsində PKK-nın həddindən artıq sarsıldığı, zəiflədiyi, hətta parçalandığı deyilir. Əksər şərhçilərin fikrincə, aparılan qətiyyətli və davamlı əməliyyatlar terror təşkilatını ən azı Türkiyə daxilində və Suriya ilə sərhəddə sıradan çıxara bilər. 



Əhəd Məmmədli: “PKK-ya açıq dəstək verən dövlətlər Türkiyənin anti-terror əməliyyatının qarşısını almaqda çarəsiz qaldılar”


Qardaş ölkənin terrorçulara qarşı amansız mübarizəsini “Şərq”ə təhlil edən “Sivilizasiyalar və konfliktlər” Analitik Mərkəzinin rəhbəri Əhəd Məmmədli hesab edir ki, PKK-nın son illərdə sarsıdıcı zərbələr alması danılmaz faktdır. Ekspert vurğulayıb ki, Türkiyə Silahlı Qüvvələri İraq və Suriyada PKK-ya böyük zərbələr vurub: 

“Bir çox PKK lideri Türkiyə ordusu tərəfindən məhv edilib, əsir alınıb. Məhz bu cür əməliyyatların yanında dünya yəhudi lobbisinin “Kürdüstan” planı həyata keçmədi, “böyük İsrail” hədəfi puç oldu. Şübhə yoxdur ki, terrorçu-ateist təşkilat olan PKK-ya qarşı gələn il daha kəskin mübarizə aparılacaq. PKK-ya açıq dəstək verən dövlətlər Türkiyənin anti-terror əməliyyatının qarşısını almaqda çarəsiz qaldılar. Əgər belə gücləri olsaydı, vaxtında Ankaranın qarşısına çıxardılar. Düzdür, Qərb ölkələri müxtəlif yollarla terrorçulara dəstək verirlər. “Sülh çeşməsi” əməliyyatını qaralamağa çalışırlar. Ancaq açıq şəkildə Türkiyənin önünü kəsə bilmirlər. Reallıq odur ki, heç bir ölkə beynəlxalq ictimaiyyətin gözü önündə PKK-ya görə Türkiyə ilə savaşmayacaq. Çünki Türkiyə kifayət qədər böyük dövlətdir. Qardaş ölkə region liderindən dünya liderinə çevrilməkdədir”.