Qadınlara qarşı şiddətə və onların öldürülməsinə görə Uruqvayda fövqəladə vəziyyət elan edilib.
Vesti.ru xəbər verir ki, müvafiq sərəncam Uruqvay prezidentinin saytında dərc olunub.
“Qadınlara qarşı edilən son zorakılıq hərəkətlərindən qaynaqlanan iğtişaşları nəzərə alaraq prezident gender əsaslı zorakılıq səbəbi ilə milli səviyyədə fövqəladə vəziyyət elan etmək qərarına gəldi.
Gender əsaslı zorakılıqdan kənar həyat üçün mübarizə, qızlar, oğlanlar, yeniyetmələr və hər yaşdakı qadınlarla avtoritar və dominant münasibətləri qoruyan mədəni matrislərin dəyişdirilməsini əhatə edir”, - deyə sərəncamda bildirilir.
Uruqvay polisinin məlumatına görə, ölkədə hər gün gender əsaslı zorakılığa dair 100-dən çox şikayət qeyd olunur. İctimai təşkilatların məlumatına görə, təkcə 2019-cu ildə 35 qadın kişilər tərəfindən öldürülüb.