İslam Respublikası dünya ilə vuruşmamalıdır.
Bu sözləri İran Prezidenti Məsud Pezeşkian Şimali Xorasan əyalətinə səfəri zamanı deyib.
“Biz heç kimlə döyüşmürük. Var gücümüzlə ölkəmizin sərhədlərini və bütövlüyünü qoruyuruq və qoruyacağıq. Eyni zamanda, heç kimə ölkəmizə hücum etmək imkanı verməyəcəyik. İran heç bir ölkənin ərazisinə göz dikməyib”, - Pezeşkian vurğulayıb.
Sözügedən açıqlamanı "Sherg.az"a şərh edən politoloq Sultan Zahidov bildirib ki, Pezeşkianın bu açıqlamaları ilə bəzi məqsədlərini bəlli edir:
"O açıqlaması ilə, İranın Yaxın və Orta Şərqdəki proksi qüvvələrə marağının azaldığını göstərməyə çalışır. Bu, bir növ regiondakı məğlubiyyətlərin məsuliyyətini üzərindən atmaq cəhdi kimi görünür. Xüsusilə Suriyada rejim dəyişikliyindən sonra yeni geosiyasi konfiqurasiya formalaşıb ki, bu da İranın təsir dairəsinin zəifləməsi və regiondakı nüfuzunun azalması ilə nəticələnib. Rəsmi Tehran isə bu vəziyyətdə öz mövqeyini müdafiə edərək məsuliyyətdən yayınmağa çalışır. Digər tərəfdən, Pezeşkianın iddiaları həqiqətə uyğun deyil. Çünki uzun illərdir ki, İran Orta Şərqdə müqavimət hərəkatlarını formalaşdıran əsas qüvvədir. Məsələn, Yəməndə Husi hərəkatı, Livanda Hizbullah, Suriyada Fatimiyyun və Zeynəbiyyun briqadaları bu siyasətin nümunələridir".
Ekspert əlavə edib ki, hazırda İran sərt ritorikasından geri çəkilmək məcburiyyətindədir:
"Çünki sərt yanaşmalar ona nə iqtisadi, nə də siyasi müstəvidə müsbət nəticələr gətirdi. Əksinə, bu yanaşma ardıcıl iqtisadi və siyasi məğlubiyyətlərlə nəticələndi, ölkə daxilində isə tez-tez etirazlarla müşayiət olunan sosial narazılıqlar baş verir. Bu vəziyyətdən çıxmaq üçün rəsmi Tehran ilk növbədə xarici siyasətini yenidən nəzərdən keçirməlidir. Cezayirin Qərblə bağlı müsbət açıqlamalar verməsi və nüvə məsələsi ətrafında danışıqlara hazır olduğunu bildirməsi də İran üçün nümunə ola bilər. İran öz ətrafında yaranan təcrid dairəsinin genişləndiyini və beynəlxalq arenada çıxdaş vəziyyətə düşdüyünü anlayır. Bu səbəbdən İran yalnız Qərblə münasibətlərini yumşaltmağa çalışmamalıdır. O, eyni zamanda Rusiya ilə əlaqələrini yenidən gözdən keçirməli, Yaxın və Orta Şərqdəki proseslərə müdaxilə siyasətini dəyişməli və ABŞ, Azərbaycan kimi ölkələrlə münasibətlərində yeni yanaşmalar tətbiq etməlidir".
Ekspert sonda bildirib ki, bütün bu amillər göstərir ki, İran artıq özünü düşdüyü bu böhrandan çıxarmaq üçün həm daxili, həm də xarici siyasətində ciddi dəyişikliklər etməyə ehtiyac duyur.