Avstraliya hökuməti yüksək yanğın səbəbi ilə insanlardan risk bölgələrini tərk etmələrini istəyib. TASS-ın verdiyi xəbərə görə, hazırda Viktoriya ştatında 23 genişmiqyaslı meşə yanğınları qeydə alınıb.
Avstraliyanın cənub-şərqindəki üç ştatın səlahiyyətliləri sakinləri həddindən artıq yanğın təhlükəsi səbəbi ilə risk bölgələrini tərk etməyə çağırıb.
Meteoroloqlar qitədə təhlükəli vəziyyətin yanvarın 11-i axşamadək davam edəcəyini bildirib.
Proqnoza əsasən, yanvarın 10-da qitənin bütün şərq sahillərində 40 dərəcədən yüksək olan isti və quru hava şəraiti üstünlük təşkil edəcək və güclü şimal-qərb küləyi əsəcək.
Viktoriya ştatının Baş naziri Daniel Andreus cümə axşamı öz “Twitter” hesabında bildirib ki, yüksək riskli bölgələrdə nə qədər az insan olsa, bir o qədər yaxşıdır. Ehtiyatlı olun.
Hazırda ştatda 23 genişmiqyaslı meşə yanğınları qeydə alınıb, 13 rayon üçün təxliyyə hazırlıqları ilə bağlı xəbərdarlıqlar verilib, 19 rayon sakinlərinə təcili olaraq evlərini tərk etmək əmri verilib.
Regional yanğınsöndürmə xidmətindən verilən məlumata görə, 1,2 milyon hektardan çox meşə sahəsi və ilkin hesablamalara görə, 400-dən çox yaşayış evi yanğın nəticəsində məhv olub. Ştatda meşə yanğınları nəticəsində üç nəfər ölüb.