NATO-nun Baş katibi Yens Stoltenberq və ABŞ Prezidenti Donald Tramp telefon əlaqəsi vasitəsilə Yaxın Şərqdəki vəziyyəti, regiondakı situasiyanı və NATO-nun rolunu müzakirə ediblər.
“İnterfax” xəbər verir ki, bu barədə Şimali Atlantika Müqaviləsi Təşkilatının Brüsseldə yerləşən mətbuat xidmətindən məlumat verilib.
“ABŞ Prezidenti baş katibdən Yaxın Şərqdəki proseslərdə daha yaxından iştirak etməsini istəyib. Onlar NATO-nun regional sabitliyə və beynəlxalq terrorizmə daha böyük töhfə verə biləcəyinə dair razılığa gəliblər. Tərəflər bu məsələlərdə daha sıx əlaqə saxlamağın vacibliyini vurğulayıblar”, - təşkilatdan verilən rəsmi açıqlamada qeyd olunur.
Xatırladaq ki, ötən gün NATO-nun Baş katibi Yens Stoltenberq İranın ABŞ hərbi bazalarına endirdiyi hava zərbələrinə münasibət bildirib.
O, İranın ABŞ və koalisiya qüvvələrinə qarşı hücumunu pisləyərək, bu ölkəni növbəti zorakı addımlardan çəkinməyə çağırıb.