“Yalnız ABŞ və İran münasibətlərində deyil, ümumilikdə Yaxın Şərqdə gərginliyin geniş miqyas alacağı qaçılmazdır”. Bunu Sherg.az-a açıqlamasında politoloq Azər Rəşidoğlu deyib.
Siyasi şərhçi bildirib ki, general Süleymaninin qətlinin bütövlükdə regionu çox mürəkkəb, xaotik situasiyaya sürükləyə biləcəyi barədə proqnozlar səsləndirilir:
“Bölgədə yeni savaş rüzgarları əsir. General Qasım Süleymaninin ölümü ilə bölgədə yeni məzhəb savaşı da alovlana bilər. Bu qətlin bütöv regionu silkələmək ehtimalı istisna edilmir. Nəticənin necə olacağını demək isə çətindir. Lakin indidən aydındır ki, Yaxın Şərq və ona yaxın regionlar riskli geosiyasi vəziyyətə sürüklənir. Ehtimal etmək olar ki, generalın qətlinə Tehran cavab tədbirləri görəcək. Bundan istifadə edən Tramp İrana zərbələr endirəcək. İranın cavab addımları atacağı təqdirdə, vəziyyət daha da gərginləşə bilər”.
A.Rəşidoğlunun fikrincə, Tramp impiçmentlə üzləşdiyini, hakimiyyəti itirmək üzrə olduğunu ehtimal etdiyi üçün general Süleymaninin öldürülməsindən bəhrələnmək istəyəcək:
“Bu addımın impiçment prosedurunu səngidəcəyi inandırıcı görünmür. Artıq ABŞ Nümayəndələr Palatasının spikeri, Trampa qarşı impiçment prosedurunun əsas təşəbbüskarlarından olan Demokrat Nensi Pelosi baş verənlərdən narahatlığını bildirib. Bölgədə eskalasiyanın güclənəcəyi, ABŞ hərbçilərinin həyatının risk qarşısında qoyulması təhlükəsinin mövcudluğunu vurğulayıb. Xanım Pelosi Konqresin razılığı olmadan ABŞ Administrasiyasının İrana qarşı bu cür akt həyata keçirməsini yolverilməz adlandırıb. Baş verənlər barədə Konqresin məlumatlandırılmasının zəruriliyini vurğulayıb. Bundan başqa, bəzi senatorlar İranla müharibənin qarşısının alınması üçün Konqresin məsələyə qarışmalı olduğunu bildiriblər. Bu baxımdan, Tehranla açıq savaşa başlamağa Tramp da çəkinir. Odur ki, Tehran-Vaşinqton gərginliyinin nisbətən azala biləcəyini təxmin edə bilərik”.
Qeyd edək ki, Pentaqon rəhbəri Mark Esper bildirib ki, ABŞ ilkin şərt olmadan İranla danışıqlara hazırdır. Esperin sözlərinə görə, Vaşinqton danışıqlar masasına oturmağa və heç bir ilkin şərt olmadan bir sıra məsələləri müzakirə etməyə hazırdır. O, bu addımın ABŞ-İran münasibətlərinin yaxşılaşmasına kömək edəcəyinə inandığını söyləyib. Ancaq əlavə edib ki, general Qasım Süleymaninin öldürlüməsinə heç də təəssüflənmir.