Ukrayna koronavirusa görə təhlükəsizlik tədbirlərini gücləndirir


Bu gündən başlayaraq “Borispol” hava limanında Çindən birbaşa uçuşlarda olan sərnişinlər koronavirusun yayılması ilə əlaqədar temperatur müayinəsindən keçəcəklər.

AZƏRTAC xəbər verir ki, bu barədə Ukrayna Səhiyyə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

“Yanvarın 26-dan Kiyevin Borispil hava limanında Çindən birbaşa uçuşlarda sərnişinlərin temperaturunun müayinəsi başlayacaq. Sanitariya-karantin bölməsinin mütəxəssisləri artıq təlim keçib və termometrlərlə təchiz olunublar”, - deyə məlumatda bildirilir.

Ukrayna hökuməti hazırda Çindən Ukraynaya uçuşların müvəqqəti dayandırılması məsələsinə də baxır.

Xatırladaq ki, Ukraynada 3 nəfər koronavirus şübhəsi ilə xəstəxanaya yerləşdirilib. Lakin laboratoriya müayinəsindən sonra onlarda virus aşkarlanmayıb.

Qeyd edək ki, Çində iki minə yaxın insan bu virusa yoluxub, onlardan 54 nəfər həlak olub.