Türkiyənin Elazığ şəhərində zəlzələ dağıntıları altında qalan son insan meyiti çıxarılıb. Türkiyə mediası xəbər verir ki, bunu Fəlakət və Təcili Yardım Xidmətinin rəhbəri Mehmet Güllüoğlu deyib.
O bildirib ki, təbii fəlakət nəticəsində dağıntılar altında həlak olan vətəndaşların ümumi sayı 41 nəfərə çatıb: “Baş verən zəlzələ ilə əlaqədar Türkiyə Dəmir Yolları İdarəsi zəlzələdə zərərçəkən sağ insanları müvəqqəti olaraq Elazığ Dəmiryol İdarəsinin vaqonlarına yerləşdirib”.
Bundan başqa, zəlzələdə yaşayış yerləri dağılmış insanları yerləşdirmək üçün Türkiyə Vaqon Səneye Şirkəti də 10 vaqonlu qatarı Elazığa göndərib. Zəlzələdən zərərçəkənlərin yerləşdirildiyi vaqonlar hər cür şəraitlə təmin olunub.
Xatırladaq ki, ötən həftə Türkiyənin Elazığ bölgəsində 6,8-6,9 bal gücündə zəlzələ olmuşdu.