Misirdə ölkənin rəsmi və ən böyük fitva orqanı olan Ali Fitva Şurası diqqət çəkən açıqlama yayıb. Şura türk seriallarının, xüsusilə də “Qurtuluş Ərtoğrul” və “Kurtlar vadisisi”nin yayımına qadağa qoyub.
Şura buna səbəb kimi serillar vasitəsilə Türkiyənin Yaxın Şərqdə öz təsir qüvvəsini artırmaq fikrində olduğunu deyib.
Məsələ ilə bağlı Sherg.az-a münasibət bildirən politoloq Qabil Hüseynlinin fikrincə, bu, heç də ağlabatan deyil:
Qabil Hüseynli: “Nəzərə almaq lazımdır ki, serilları çəkənlər özəl sektorla məşğul olan şəxslərdir”
“Türk serilları ərəb ölkələrində, o cümlədən Misirdə çox sevilir. Yerli insanlar həvəslə həmin filmlərə baxırlar. Amma bu, o demək deyil ki, serilların yayımına qadağa qoyulmalıdır. Nəzərə almaq lazımdır ki, serilları çəkənlər özəl sektorla məşğul olan şəxslərdir. Onları düşündürən ancaq kommersiya maraqlarıdır. Ona görə deyilən fikirləri məntiqsiz hesab edirəm”.
Q.Hüseynli həmçinin bildirib ki, əgər Türkiyənin öz ərazilərini genişləndirmək fikri olsa, bunu başqa formada edər:
“İmperiyalar tarixdə qalıb, indi dövr dəyişib. Türkiyənin heç kimin torpağında gözü yoxdur. Bu ölkə ancaq sərhədlərini qorumağa çalışır”.