Türkiyənin Hakkari bölgəsində yaşayan, doğuşdan xalq dilində "balıq pulu dəri xəstəliyi" adıyla da tanınan irsi iktiyozis xəstəsi olan Rafiq Töre, müalicə olub, sağlamlığına qovuşmaq istəyir.
Sherg.az türk mediasına istinadən xəbər verir ki, müalicə ümidiylə İstanbula gələn Töre, " 29 ildir günəşə çıxa bilmirəm. Axşam yatarkən gözlərim tam bağlanmır. Çölə çıxanda insanların diqqətini çəkirəm, məndən çəkinir, qaçırlar. Yaşamaq istəyirəm" deyir.
Töre dəri xəstəsi olaraq dünyaya gəlib. O, nizamlı olmasa da Ankara şəhər xəstəxanasında müalicəsini davam etdirirdi. Xəstəliyindən ötəri gözlərini də bağlaya bilməyən 29 yaşlı Töre, İstanbula müalicə ümidiylə gəlib. "İstanbula gözüm üçün də gəldim. Davamlı gözlərimdə problemlər var. Gözlərim hey qırmızıdır. 29 ildir bu dərddəyəm. 29 ildir Ankara xəstəxanasında müalicə alıram, amma bu xəstəliyə heç bir çarə tapa bilmədim. Müalicəsini tapa bilmədilər. Mən bu dərdlə çox acılar çəkirəm" deyə danışır.
Ailəsinin əkinçiliklə məşğul olduğunu bildirən və 6 qardaş olduqlarını söyləyən Töre müalicəsi üçün dəstək və yardım gözləyir: "Ailəmin də maddi vəziyyəti yaxşı deyil. Mən bu yaşa gəldim, kimsə mənə sahib çıxmadı. Dünyada xeyriyyəçilər, zənginlər var. Mənə niyə sahib çıxmırsınız, mən də insanam" deyə fəryad edir.
Turan