ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi məlumatların şifrələnməsiylə məşğul olan İsveçrə şirkəti vasitəsilə 50 il müddətində 130 ölkənin məxfi diplomatik və hərbi yazışmalarını izləyib.
Axar.az xəbər verir ki, bu məlumatı “Tribune de Geneve” qəzeti yayıb.
Söhbətin “Kripto AG” şirkətindən getdiyi bildirilib. Bu şirkətin dünya dövlətlərinə məxfi məlumatların ötürülməsi zamanı şifrə qurğular təqdim etdiyi vurğulanıb.
Məlumata görə, MKİ şirkətdən 1958-ci ildən istifadə etməyə başlayıb. Daha sonra şirkətin fəaliyyətini MKİ ilə bərabər Almaniyanın xarici kəşfiyyat idarəsi olan BND Lixtenşteyndə yaratdığı “Minerva” şirkəti vasitəsilə nəzarətdə saxlamağa başlayıb. Qəzet İsveçrə hakimiyyətinin bu müddət ərzində həm MKİ, həm də BND-nin fəaliyyətlərindən xəbərdar olduğunu bildirib.
Məqalədə həmçinin “Kripto AG”nin fəaliyyətindən 130 ölkənin istifadə etdiyi vurğulanıb. Bu ölkələr sırasında Misir, İran, Səudiyyə Ərəbistanı, Liviya, Argentina və digərləri yer alıb.
Almaniya və ABŞ-ın şirkətin qurğularındakı “dəliklərdən” xüsusilə İrandakı ABŞ əsirlərini azad etmək, Liviyadan ABŞ-a olan terror hücumları zamanı şifrəli mesajları ələ keçirmək üçün istifadə etdiyi vurğulanıb. Bununla belə Almaniya kəşfiyyatı şirkətə nəzarəti 1993-cü ildə, ABŞ isə 2012-ci ildə tam dayandırıb.