Paşinyan dilemma qarşısında... - Baş nazir özünü tələyə salıb 


Ermənistan İsraildə səfirlik açmağa hazırlaşır. Bu haqda danışıqlar bir ildir gedir. Hətta Ermənistan baş naziri Nikol Paşinyan bu məqsədlə xarici işlər nazirini İsrailə də göndərmişdi. Ermənistanla İsrail arasında səfirliyin açılması ilə bağlı danışıqlar gedərkən ilk dövrdə İrandan elə də sərt reaksiya yox idi. Ancaq indi vəziyyət fərqlidir. Tehranın sərt reaksiyaları artmaqdadır.  Təbii ki, belə reaksiya Ermənistan hakimiyyəti üçün heç də yaxşı deyil. İran Parlamenti sədrinin beynəlxalq məsələlər üzrə müavini Hüseyn Əmir Abdullahiyan bildirib ki, Ermənistanın bu addımı bölgənin təhlükəsizliyi və sabitliyinə mənfi təsir göstərəcək. O, Ermənistanın İsraildə səfirlik açmaq planını qınayıb və rəsmi İrəvanı bu addımı atmamağa çağırıb. İranın JAVAN agentliyinin yazısında isə daha sərt ifadələr yer alıb:

“Ermənistanın İsraildə səfirlik açması o deməkdir ki, İrana düşmən olan dövlət sərhəddimizə gəlib çıxıb. Bu İranın milli təhlükəsizlizliyinə təhdiddir”. Növbəti sərt açıqlama Ərdəbil şəhərinin imam cüməsi Ayətullah Seyid Həsən Amulidən gəlib. Nikol Paşinyanın İsraildə səfirlik açmaq istəyini təhlükəli adlandıran Amuli İrəvanın bu addımının İranın maraqlarına zidd olduğunu bildirib. Amuli açıqlamasında Ermənistanın İsraildə səfirlik açmasının Azərbaycanın da maraqlarına cavab vermədiyini söyləyib. 



İrəvanın cəhdləri ilə bağlı fikirlərini “Sherg.az”a açıqlayan “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib ki, Ermənistanın İsraildə səfirlik açmaq istəyinə qarşı reaksiyalar sərt olsa da, hələ ki, İranı idarə edənlərdən səs çıxmır: 

“İran prezidenti, xarici işlər naziri, parlamentin spikeri, ali dini lider gözləmə mövqeyindədirlər. Onlar İrəvana mesajlarını köməkçiləri vasitəsilə çatdırırlar. Ancaq əgər Ermənistan İsraildə səfirlik açarsa, onlardan da açıqlamalar gələcək. İranın Ermənistanın ünvanına sərt reaksiyaları həm də onunla əlaqəlidir ki, Tehranda anlayırlar ki, İrəvandan sonra Bakı da İsraildə səfirlik açmağa qərar verə bilər. Ona görə də bu baş verməsin deyə Tehran Ermənistanın İsraildə səfirlik açmasına mane olmaq istəyir”. 

Siyasi şərhçinin sözlərinə görə, bu vəziyyətdə İrəvanın iki yol var: 

“Birinci yol odur ki, İrəvan İranın xəbərdarlıqlarına baxmayaraq, İsraildə səfirlik açır. Ancaq bu halda İrəvan İranla münasibətlərinin gərginləşməsinə hazır olmalıdır. İkinci yol isə odur ki, İrəvan Tehranın təzyiqlərindən nəticə çıxararaq İsraildə səfirlik açmaqdan vaz keçir. Bu halda isə Ermənistanın İrandan çəkindiyi üzə çıxacaq ki, Tel-Əviv İrəvanı qorxaqlıqda ittiham edəcək. Beləliklə, İrəvan özünü tələyə salıb. Nikol Paşinyan bütün hallarda iki yoldan birini seçməlidir”.