Sosial şəbəkələrdən öz siyasi maraqları üçün istifadə edən insanlar çoxdur. Dünyanın fərqli ölkələrində terrorçuluq, cinayətkarlıq, həmçinin siyasi manipulyasiyalar məhz sosial şəbəkə üzərindən aparır. Azərbaycanda da “beşinci kolon” üzvləri dövlətçiliyimizə sosial şəbəkə üzərindən ziyan vurmağa çalışır.
Bu sözləri Axar.az-a açıqlamasında YAP-çı deputat Aydın Mirzəzadə ABŞ Prezidenti Donald Trampın ölkədə sosial şəbəkələrin işinin nizama salınması ilə bağlı fərman imzalamasını şərh edərkən deyib. O bildirib ki, sosial şəbəkələrdəki problemlərdən bütün dünya əziyyət çəkir:
“Sosial şəbəkələr həyatımızın tərkib hissəsidir. Hər bir insanın öz mövqeyini sərbəst şəkildə bildirməsi, həmçinin insanlarla ünsiyyət qurmaq üçün unikal imkandır. Lakin təəssüf ki, bu gün sosial şəbəkələrdən sui-istifadə halları mövcudur. Bəzi insanlar təhqiri, böhtanı özü üçün “peşə” seçib, yalan, dezinformasiya yayaraq, ictimai fikri trollamağa çalışır. Onu da qeyd edim ki, sosial şəbəkələrdən bütün dünya istifadə etdiyindən bu, ümumdünya problemidir. Yəni bütün ölkələr sosial şəbəkələrin bu kimi mənfi xüsusiyyətlərindən zərər çəkir”.
Aydın Mirzəzadə deyib ki, ABŞ Prezidenti Donald Trampın ölkədə sosial şəbəkələrin işinin nizamlanmasına dair qəbul etdiyi qanun müsbət addım olsa da, bu mövzu vətəndaşların müzakirəsinə verilməlidir:
“ABŞ kimi demokratik bir ölkədə belə sosial şəbəkələrin işinin nizama salınmasına dair qanun hazırlanıb qəbul edilirsə, bu, özlüyündə problemin çox ciddi olduğuna dəlalət edir. Düşünürəm ki, belə bir qərara bu gün ölkəmizdə də ehtiyac var. Lakin bununla belə, məsələ öncə vətəndaşların müzakirəsindən keçməlidir. Yəni burada vətəndaş mövqeyi vacibdir. Vətəndaşlar belə bir qərarın ölkəmizdə tətbiqinə ehtiyac duyarsa, bununla bağlı müzakirələr aparıla bilər”.