İranda vurulan “Boeing-737” təyyarəsinin “qara qutu”ları Parisə təhvil verildi

Bu ilin yanvar ayında İranda vurulan Ukraynaya məxsus “Boeing-737” təyyarəsinin “qara qutu”ları Parisə təhvil verilib.
Məlumatı Kanadanın Xarici İşlər naziri Fransua-Filipp Şampan təsdiqləyib.
Bu barədə Rg.ru xəbər yayıb.
“PS752 reysinin “qara qutu”ları təhlil üçün Mülki Aviasiya Təhlükəsizliyinin Təhqiqat və Təhlil Bürosuna təhvil veriləcək. Bu hadisədə Kanadanın Nəqliyyat Təhlükəsizliyi Şurasının rəsmiləri də iştirak edəcək”, - deyə diplomat “Twitter”də yazıb.

Xatırladaq ki, bu ilin yanvar ayının 8-də MAU aviaşirkətinin “Boeing 737-800” təyyarəsi Tehran yaxınlığında vurulmuşdu.

Qəza vaxtı göyərtədə 176 nəfər olub. Yanvarın 11-də İran təyyarəni səhvən vurduğunu açıqlamışdı.