Gərginlik pik həddə:“Ukrayna üçün çətin olacaq, amma...”

“Müharibə başlasa, Rəsmi Kiev Qərbdən dəstək  alacaq”


Ukraynanın cənub-şərqində 2014-cü ilin aprel ayından bəri Rusiyameylli qüvvələrlə Ukrayna ordusu arasında baş verən müharibə hələ də həllini tapmayıb. Donbass və Krım məsələsi öz aktuallığını qorumaqdadır.  Martın 7-də başlayaraq Ukrayna ordusu ilə “Donetsk Xalq Respublikası” və “Luqansk Xalq Respublikası” adlı qondarma respublikaların silahlı birləşmələri arasında şiddətli mövqe döyüşləri davam edir.

Ukrayna təxminən 90 minlik canlı qüvvəni separatçı vilayətlərlə təmas xətti boyu cəmləşdirib. Separatçıların qüvvələri isə bundan üç dəfə azdır, üstəlik texnikaları nasazdır, etibarlı hava hücumundan müdafiə sistemləri yoxdur. Ukrayna ordusunun arsenalında isə Qarabağ müharibəsində uğurla tətbiq edilən “Bayraktar TB2” döyüş pilotsuz təyyarələri də var.

Bəzi ekspertlər hesab edir ki, Ukrayna tərəfi  hərbi əməliyyatlarda işğalçıları məğlub edə bilər, lakin ciddi risklər var. Rusiyalı hərbi ekspert İqor Korotçenko da Ukraynadakı vəziyyətlə bağlı açıqlama verib:

“Mümkün Rusiya-Ukrayna müharibəsi zamanı Kiyev Türkiyədən adlığı SİHA və İHA-lardan fəal istifadə edəcək”.
Onun sözlərinə görə, son günlər Donbass bölgəsində toqquşmalar şiddətlənib və bu hadisələrin daha da pisləşəcəyini göstərir.
Yerli mənbələr  türk pilotsuz uçuş aparatları bölgədə kəşfiyyat uçuşları həyata keçirdiyini yazır.

Qeyd edək ki, Ukrayna Silahlı Qüvvələrinin Baş komandanı Ruslan Komçak son açıqlaması zamanı vəziyyətin ağırlaşdığını ifadə edərək, əməliyyatlara hazırlaşdıqlarını elan edib. Rusiyanın Donbassdakı təmas qrupunun nümayəndəsi Boris Qrizlov da bölgədə vəziyyətin təhlükəli həddə çatdığını bildirib.

 Ukraynadakı durumu "Sherg.az"a şərh edən politoloq Elxan Şahinoğlu açıqlamasında deyib ki, vəziyyət getdikcə gərginləşir, atəşkəs intensiv pozulur:

"Separatçılar təxribatlarından əl çəkmir, Rusiyadakı müəyyən mərkəzlərə güvənirlər. Rusiyanın keçmişdən Ukraynanı parçalamaq və daha çox ərazilər işğal etmək planı var. Lakin Ukrayna ordusu son 5 ildə güclənib. Azərbaycanın Ermənistan  üzərində qazandığı qələbə Ukraynanı həvəsləndirib. Amerikadan və Türkiyədən müasir silahlar alıb".

Politoloq onu da qeyd edib ki, Ukraynanın qarşısında Rusiya dayanıb:

“Rusiya ilə başabaş gəlmək çətin olacaq. Amma müharibə başlasa, Qərbdən dəstək  alacaq. Ukraynanın Türkiyə kimi müttəfiqi yoxdur. Bizim Türkiyə kimi müttəfiqimiz var idi, müharibə dönəmində başlıca amil rolunu oynayırdı. Hər halda Ukrayna haqlı mübarizə aparır, Azərbaycan kimi bütövlüyünü təmin etməyə çalışır".