Baydendən sərt sözlər: “Putin qatildir, Moskva bədəl ödəyəcək”

ABŞ-ın yeni prezidenti Bayden 20 yanvardan bəri ilk dəfə Rusiyanı birbaşa hədəfə alıb. 
"Sherg.az" türk mətbuatına istinadən xəbər verir ki, o, rəsmi Moskvanın ABŞ-dakı seçkilərə müdaxilə iddialarından sonra bunun əvəzini ödəyəcəyini bildirib. Həmçinin Rusiya lideri Putini qatil adlandırıb:
"Moskva seçkilərə qarışdığı üçün bədəl ödəyəcək. Qısa müddət ərzində görəcəksiniz".

RUSİYADAN İLK CAVAB

C.Baydenin açıqlamalarının ardından ilk cavab Rusiyanın Vaşinqtondakı səfiri Anatoli Antonovdan gəlib. İddialarla əlaqədar A.Antonov fikirlərini belə ifadə edib:

"ABŞ rəhbərliyi ölkədəki qeyri-sabitlikdə xarici "aktorları" günahlandırır. Vaşinqtonun hərəkətləri ikitərəfli münasibətlərin normallaşmasına kömək etmir. Amerikan metodunun bu  münasibəti təcili problemlərə həll yolları tapmaq üçün bərabər və qarşılıqlı hörmətə əsaslanan dialoqdan uzaqdır."

ABŞ 15 SƏHİFƏLİK HESABAT YAYIB

Vaşinqton rəhbərliyi, Rusiya lideri Vladimir Putinin 2020-ci ildə keçirilən ABŞ prezident seçkilərinə müdaxilə etməyə çalışdığını iddia edib. Dünən axşam ABŞ kəşfiyyatı tərəfindən yayımlanan 15 səhifəlik hesabatda Rusiyanın seçki göstəricisini Donald Trampın lehinə çevirməyə çalışdığı vurğulanıb.

RUSİYA İDDİALARI YALANLAYIB

Rusiyanın 3 noyabr seçkilərindən əvvəl C.Baydenə qarşı qarayaxma kampaniyası təşkil etdiyi ifadə edilərkən, Moskva rəhbərliyi iddiaları əsassız hesab edib. Bildirib ki, bu hesabatda heç bir məlumat və ya konkret dəlil yoxdur. Kremlin sözçüsü Dmitri Peskov iddiaları yalanlayıb:

"Bu iddialar əsassızdır və heç bir dəlili yoxdur. Bu cür hərəkətlər ikitərəfli münasibətlərə xələl gətirir".