Pekin Ankara və Tehrandan istədiyini aldı - ŞƏRH

Çinin Xarici işlər naziri Vanq Yinin ötən həftə bir sıra ölkələrə səfəri müzakirə mövzusudur. Onun ziyarət etdiyi ölkələr içərisində Türkiyə və İran da var idi. Çinli diplomat hər iki ölkəyə səfərə hazırlıqlı gəlmişdi. Ancaq qarşı tərəflərin də hazırlıqları var idi...
Çinli diplomatın Türkiyəyə gəlişindən əvvəl yüzlərlə etnik uyğur, Çin Xarici işlər nazirinin ziyarətini qınamaq və Türkiyə hökumətindən Çinin Sincan bölgəsindəki insan haqları pozuntuları mövzusunda daha sərt bir mövqe tutmasını tələb etmək məqsədilə Ankara və İstanbulda etiraz nümayişləri təşkil etdilər.
Martın 25-də İstanbulun Bəyazit Meydanında “Diktator Çin” və “Uyğurların soyqırımını dayandırın”” şüarları səsləndirildi. Əllərində Türküstanın bayraqlarını dalğalandırın nümayişçilər Çində uyğurlara qarşı tətbiq edilən “əmək düşərgələrinin” ləğvini tələb etdilər. Beynəlxalq təşkilatların hesabatlaırnda həmin düşərgələrdə uyğurlarla yanaşı digər etnik azlıqların, o cümlədən qazaxların saxlandığına da vurğulanır.

Prosesləri dəyərləndirən "Atlas" Araşdırmalar Mərkəzinin sədri, politoloq Elxan Şahinoğlu "Sherg.az"a bildirib ki, Türkiyədə Çindən qaçmaq məcburiyyətində qalan 40 min uyğurun yaşadığı bildirilir:

Çində uyğurlara qarşı edilənlər Ankaranı da narahat edir. Məsələn, Türkiyənin Xarici işlər naziri Mövlud Çavuşoğlu çinli həmkarıyla görüşdən sonra Tvitter səhifəsində bunu yazdı: “Uyğurlarla bağlı narahatlıqlarımızı və düşüncələrimizi çinli həmkarımın diqqətinə çatdırdım”.
Buna baxmayaraq, Ankara bu məsələdə Pekinə təzyiq etmək istəmir. Ankara Qərb ölkələri kimi Çinin daxili işlərinə qarışmır. Bu Pekinin də maraqlarına uyğundur. Təsadüfi deyil ki, Çinin Xarici işlər naziri Ankaradakı görüşlərdən sonra belə bir açıqlama verdi: “Biz bir-birimizi dəstəkləməyə davam edəcəyik, daxili işlərimizə qarışmayacağıq, əsas odur ki, Çin-Türkiyə əlaqələrini gücləndirmək lazımdır”.

Çinli diplomat Ankarada dedi ki, Türkiyəyə daha çox vaksin göndərəcəklər. Çin Türkiyə ilə 5G rabitəsi, süni intellekt və rəqəmsal iqtisadiyyat kimi yüksək texnoloji sahələrdə əməkdaşlığın dərinləşdirilməsinin də tərəfdarıdır. Pekin Ankara ilə genişmiqyaslı layihələr üzrə əməkdaşlığı inkişaf etdirməyə, Çin müəssisələrinin türk iqtisadiyyatına sərmayələrini təşviq edəcək və müxtəlif sahələrdə Türkiyə ilə mübadiləni genişləndirməyə çalışır. Rəcəb Tayyib Ərdoğan da Ankaranın Çin ilə əlaqələrin inkişafına böyük əhəmiyyət verdiyini, “terrorizmin hər növünə qətiyyətlə qarşı olduğunu və Çin ilə daha sıx təmaslara və mübadilə etməyə hazır olduğunu” qeyd etdi.

Buna baxmayaraq, Türkiyə rəsmiləri Çinli həmkarlarıyla uyğurlar mövzusunu da müzakirə ediblər. Ərdoğan və onun partiyası Milliyətçi Hərəkat Partiyası və onun lideri Dövlət Baxçalı ilə müttəfiqdir. Milliyətçi Hərəkat Partiyası və onun lideri Dövlət Baxçalı isə Ankaranın türk dilində danışanlara, o cümlədən uyğurlara diqqət göstərilməsini istəyir. Ona görə də Türkiyə hökuməti Çinlə danışıqlarda hər dəfə uyğurlardan da danışır. Ancaq Türkiyəli rəsmilər çinli həmkarlarıyla bu mövzunu elə müzakirə edirlər ki, bu Pekində narahatlıq yaratmasın. Misal üçün Çinin XİN başçısı Mövlüd Çavuşoğlu ilə danışıqlardan sonra belə bir açıqlama verdi: “Sincan məsələsinin mahiyyəti şiddətə qarşı mübarizə, separatizmə qarşı mübarizədir. Ümid edirik ki, Türk tərəfi Çinin əsas maraqlarını və əsas narahatlıqlarını təsir edən mövzularda Çinə anlayış göstərməyə və dəstək verməyə davam edəcək”.
Çavuşoğlu da öz növbəsində Ankaranın vahid Çin prinsipini dəstəklədiyini, iki ölkə arasındakı strateji əməkdaşlığın daha da gücləndirilməsinə sadiq olduğunu və Türkiyənin Çin əleyhinə addım atmayacağını vurğuladı".

Analitikin qənaətincə, Çin XİN başçısnın Türkiyəyə səfərindən aşağıdakı nəticələrə gəlmək olar:

"Birincisi, Pekin Türkiyə ilə siyasi və iqtisadi əlaqələrini gücləndirmək istəyir. Çin Türkiyə üçün vacib ortaqdır. Ona görə də Ankara Pekinlə münasibətlərdə uyğur məsələsini qabartmayacaq.
İkincisi, Ankara pandemiya dövründə Çindən daha çox peyvənd almaq istəyir. Pekin Türkiyəyə daha da çox peyvənd satmağa hazırdır.
Üçüncüsü, Çinin öz mallarını Avropaya göndərmək üçün daha çox Bakı-Tbilisi-Qars marşrutundan istifadə etməsi Ankara üçün vacibdir. Bu, Azərbaycanın da maraqlarına cavab verir.

Çinin xarici işlər naziri Vanq Yi Türkiyədən sonra Tehrana iki günlük səfər etdi və yüksək səviyyəli İran rəsmiləri ilə danışıqlar apardı. Tehranda 25 illik Çin-İran Hərtərəfli Strateji Tərəfdaşlığı imzalandı. Çin lideri Si Tsinpin bu sazişi 2016-cı ildə Tehrana səfəri zamanı İran hökumətinə təqdim etmişdi. Sazişdə Çinlə İran arasında “siyasi və icraedici əməkdaşlıq”, “humanitar və mədəni əlaqələr”, “təhlükəsizlik və müdafiə sahəsində əməkdaşlıq” kimi 20 maddədən ibarət bənd var. Bu saziş İranın ali dini lideri Əli Xamaneyi tərəfindən bəyənilib.

Bundan əvvəl, 2020-ci ilin oktyabrında İranın xarici işlər naziri Məhəmməd Zərifi Pekində olmuşdu. O çinli həmkarı ilə danışıqlar aparmışdı. Zərifi Pekində dedi ki, Tehran ABŞ-ın regional və beynəlxalq hadisələrə dair təktərəfli siyasətinə və birqütblü dünya yaratmaq cəhdlərinə qarşıdır".

E.Şahinoğlu vurğulayıb ki, Çin dünyanın ikinci ən böyük iqtisadiyyatına çevrilib və hazırda ABŞ-ın iqtisadi hegemonluğuna rəqibdir:

"Bir çox mütəxəssis, Çinin xarici ticarət həcminin ABŞ-ın xarici ticarət həcmini aşdığına inanır. 2035-ci ilə qədər Çinin dünyanın ən güclü iqtisadiyyatına çevriləcəyi ehtimal edilir. Ona görə də İran Çinlə əməkdaşlıqdam faydalanmaq istəyir.
Çinin xarici işlər nazirinin Tehrana səfərinin nəticələrini belə qiymətləndirmək olar:
Birincisi, Tehran üçün Çinlə münasibətlərdə uyğur problemi yoxdur. Tehran müsəlman fələstinlilərin İsrailə qarşı mübarizəsini dəstəkləyir. Ancaq Tehran müsəlman uyğurların problemini aktuallaşdırmır. Çünki Çin də İran kimi ABŞ-a qarşı çıxır. Çin ilə ittifaq isə İran üçün vacibdir. Buna baxmayaraq, İranın keçmiş prezidenti Mahmud Əhmədinejat İranın Çinlə ittifaqını tənqid edir. Əhmədinejat iki tənqidi amili vurğulayır. Birinci amil İranın müsəlman uyğurlar probleminə susması, ikinci amil isə 25 illik iqtisadi razılaşmanın İranın Çindən asılılığını gücləndirməsinə gətirəcəyidir. Həqiqətən, Çin İrandakı limanlara və müxtəlif müəssisələrə milyardlarla dollar (25 il ərzində 400 milyard dollar sərmayədən söhbət gedir) sərmayə qoyacaq. İranın limanlarını və müəssisələrini satın alan Pekin bundan sonra Tehrana şərtləri diktə etməyə başlayacaq. Bunu Mərkəsi Asiya ölkələrinin nümunəsində görmək olar. Mahmud Əhmədinejat bu məsələdə haqlıdır.
İkincisi, Pekin İranı ABŞ təhdidlərindən dəstəkləməyə qərar verib. Bu, Tehran üçün vacibdir. Ancaq bu həm də İranı Çindən asılı vəziyyətə gətirəcək. Çinin xarici işlər naziri Vanq Yi, Tehranda İran prezidenti Həsən Ruhani ilə görüşərkən, ayrı-ayrı dövlətlərin İrana qarşı birtərəfli sanksiyalarının qəbuledilməz olduğunu bildirdi: “Çin əvvəllər olduğu kimi, indi də və gələcəkdə də birtərəfli sanksiyalar yolu ilə İrana xaricdən artan təzyiqlərə qarşı çıxmağa davam edir. Pekin İranın suverenliyini və öz seçiminə uyğun inkişaf etmək istəyində Tehranı qətiyyətlə dəstəkləyir. Hər hansı birtərəfli sanksiyalar, xüsusən də yalana əsaslanan sanksiyalar beynəlxalq hüquq normalarına ziddir” ".

Analitik ABŞ-a qarşı mübarizədə Çinin İranla birgə hərəkət etməyə hazır olduğunu da söyləyib:

"İranın Çindəki keçmiş səfiri Cavad Mansurinin də qeyd etdiyi kimi, Qərb İranın nəzarət sahəsindən çıxmasını istəmir: “ABŞ-ın heç bir müstəqil ölkənin inkişafına imkan vermək istəyi yoxdur. İki müstəqil dövlət olaraq İran və Çin arasındakı sıx münasibət açıq şəkildə ABŞ-ın hegemonluğu və qlobal təkəbbür üçün bir təhdiddir”. İranlı diplomatın fikrincə, Tehranın Qərbi Asiyadakı geosiyasi mövqeyi və Pekinin iqtisadi gücü nəzərə alınmaqla İran və Çinin strateji yaxınlığı hər iki ölkəyə fayda gətirir, “sionist rejim” üçün real təhlükə yaradır.
Beləliklə, Çin xarici işlər nazirinin Türkiyə və İrana səfərini Pekin üçün müsbət adlandırmaq olar. Pekin hər iki dövlətlə siyasi və iqtisadi əlaqələri gücləndirərək və bu ölkələrə peyvənd satışını artıracaq. Digər tərəfdən Türkiyə və İran Çinin daxili və insan hüquqları məsələlərinə müdaxilə etmirlər. Bu da Pekinin maraqlarına uyğundur. Ancaq Çində nəzərə almalıdır ki, uyğurlara qarşı təzyiq siyasəti davam edərsə, müsəlman və türkdilli ölkələrdəki ictimai rəy Çinin əleyhinə yönələcək".