Donbasda gərginlik: “Savaş təhlükəsi pik həddə..."

"ABŞ və NATO hərbi qüvvələrinin komandanlıqları da bütün diqqəti Ukrayna üzərində cəmləşdirib"

"Kremlə silahlı toqquşmalara səbəb olacaq qərar və davranışlardan çəkinməyi məsləhət görürlər" 


Məlum olduğu kimi, Azərbaycanın qələbəsi separatizmdən əziyyət çəkən bir çox dövlətləri, o cümlədən Ukraynanı ruhlandırdı. Son həftələr baş verən hadisələr onu deməyə əsas verir ki, rəsmi Kiyev torpaqlarını azad etmək uğrunda mübarizəyə başlamağa hazırlaşır. Rusiyanın narahatlığı da göz qabağındadır. Yəni müharibə ehtimalı çoxdur.



Siyasi analitik Elçin Xalidbəyli də bu fikirdədir. O, “Sherg.az”a çıqlamasında savaş ehtimalını yaradan faktorları sadaladı: 

“Bildiyiniz kimi, Ukraynadakı “Artsax” səfərbərliyə başlayıb. Donbas separatçıları silahlı dəstələrin sayını artırırlar. 

Rusiya hərbi texnikasının artıq Donbas ərazisinə girməsi barədə də məlumatlar var.  Rusiya xarici işlər naziri Sergey Lavrovun Ukraynanı məhv etmək barədə təhdidindən sonra bu, gözlənilməz deyil. 

Beləliklə, vəziyyət son həddə qədər gərginləşib. Savaş təhlükəsi maksimum səviyyəyə yüksəlib. ABŞ və NATO hərbi qüvvələrinin komandanlıqları da bütün diqqəti Ukrayna üzərində cəmləşdirib. Kremlə silahlı toqquşmalara səbəb olacaq qərar və davranışlardan çəkinməyi məsləhət görürlər. 

Kimin nə etməsindən və nə deməsindən asılı olmayaraq, haqq-ədalət yenə qalib gələcək. 
Çünki həqiqət dəyişməz qalmaqdadır: Krım da, Donbas da Ukraynadır”!.