“İran sanksiyalardan xilas olmağa çalışır”

İran İbrahim Rəisinin prezident seçilməsi fonunda hökumət dəyişikliyi səbəbindən Vyanada keçirilən nüvə danışıqlarını tərk etməyəcək.
Bu barədə İran XİN-in rəsmi nümayəndəsi Səid Xətibzadə məlumat verib.
“Biz heç bir zaman Vyana danışıqlarını tərk etməyəcəyik. İranda hökumət dəyişikliyi demokratik yolla baş verir və bu dəyişiklik icra hakimiyyətinin tərkibində öz əksini tapır”, - o deyib.

İranın danışıqları davam etdirməkdən başqa çıxış yolu olmadığını deyən politoloq Sədrəddin Soltan “Sherg.az”a bildirib ki, sözügedən müzakirələr 2015-ci ildə İrana tətbiq olunan sanksiyaların götürülməsi ilə bağlıdır:
“İran bu danışıqlarla 6 il öncə üzərinə götürdüyü öhədilikləri yeniləyir. Ona görə də bu istiqamətdə söhbətlər gedir. Həsən Ruhani prezident olanda tərəflər mübahisəli məsələləri həll etdiklərini bildirirdilər. İndi isə İbrahim Rəisi prezidentdir və söhbətlər davam edir. Yəni İbrahim Rəisinin prezident olub-olmamasının məsələyə aidiyyəti yoxdur. İranın danışıqları tərk etməməsində əsas məqsəd budur: Ölkə iqtisadiyyatının xilasının yeganə yollarından biri Vyanadakı danışıqlarda qarşı tərəflə razılaşmaq və sanksiyaların aradan qaldırılması. Yəni İran hakimiyyəti bu müzakirələrə sanksiyalardan xilas olmaq kimi baxır”.