ABŞ Talibanın “əl-qolunu” açır!- “Orta Asiyanı xaosa sürükləmək istəyir”

Taliban hərəkatının nümayəndəsi Qari Yusuf Əhmədi Əfqanıstanın ən böyük əyalətlərindən biri olan Heratı tamamilə ələ keçirdikləri barədə məlumat verib. O, bu haqda özünün “Twitter” hesabında yazıb. Həmçinin polis qərargahı da daxil olmaqla bütün binaların onların nəzarəti altına keçdiyi, hökumətin müqaviməti dayandırdığı vurğulanıb. Məlumata görə, Taliban Heratdakı bütün məhbusları azad edib.

 “Müstəqil Mətbuat Mərkəzi” İctimai Birliyinin sədri, politoloq Elçin Xalidbəyli Əfqanıstandakı vəziyyəti “Sherg.az”a təhlil etdi: “Taliban artıq Əfqanıstannın təxminən 65 faiz ərazisinə nəzarət edir. Böyük ehtimalla tezliklə Əfqanıstan tamamilə Talibanın hökmranlığı altına düşə bilər. Əgər  bu, baş verərsə, bütün Orta Asiya və Rusiyanın bu regiona sərhəd bölgələri ciddi təhlükə altında qalacaq.

Çünki Talibanın terrorçu qruplaşmalarının Əfqanıstanla həmsərhəd Orta Asiya ölkələrinin ərazisinə keçmə ehtimalı kifayət qədər yüksəkdir.

Eyni zamanda Taliban Əfqanıstanda hakimiyyəti ələ keçirdiyi təqdirdə, Orta Asiya ölkələlərində bu terrorçu qruplaşmaya bağlı "yatmış hücrələr"in oyanması da tamamilə mümkündür. Bu halda Orta Asiya ölkələrində terrorçuların fəaliyyəti bütün regionu fəlakət və xaos məkanına çevirə bilər.

Yəni Talibanın yenidən Əfqanıstanda güclənməsi ilə Orta Asiyanın timsalında daha bir beynəlxalq terrorizm məkanının yarana biləcəyi qətiyyən istisna deyil. Eyni zamanda bu beynəlxalq terrorizm məkanı Rusiyanın Orta Asiya ilə həmsərhəd bölgələrinin hesabına daha da genişlənə bilər. Əslində hazırda Rusiyanın ən çox narahat olduğu məqam da məhz öz ərazisində terrorizm fəaliyyətinin baş qaldıra biləcəyi və idarəedilməz dərin xaos mühitinin yaranma təhlükəsi ilə bağlıdır. Ona görə də Rusiya Əfqanıstanla həmsərhəd olan Orta Asiya ölkələrinin müdafiə olunmasına qərar verib. Çünki həmin ölkələrin müdafiə olunması əslində Rusiyanın Taliban terrorizmindən qorunması deməkdir. Yəni Kreml Taliban terrorizminin Rusiya sərhədləri içərisinə girməsinin qarşısını Əfqanıstanla qonşu ölkələrin ərazisində almağa can atır”.

 E.Xalidbəyli, həmçinin proseslərin bundan sonrakı inkişafından söz açdı:

“Ona görə də KTMT çərçivəsində Rusiya ordu birləşmələri Əfqanıstanla həmsərhəd Orta Asiya ölkələrinin ərazisinə yeridilməyə başlayıb. Kremlin öz hədəfinə nail olub-olmayacağı, yəqin ki, Talibanın Əfqanıstanda hegemonluğunun tam təmin olunmasından sonra aydınlaşmağa başlayacaq. Eyni zamanda qeyd etmək lazımdır ki, indiki situasiyanın yaranması, Rusiya əleyhinə terrorizm ssenarilərinin reallığa çevrilməsi ABŞ və Qərbin strateji maraqlarına tamamilə cavab verir.

Əslində ABŞ-ın istəyi ilə NATO hərbi bazalarının tez-tələsik Əfqanıstandan çıxarılmasının əsas səbəbi də məhz bu hədəfə xidmət edir. Yəni Ağ ev, demək olar ki, planlı və məqsədyönlü şəkildə NATO hərbi bazalarının Əfqanıstandan çıxarılmasına nail oldu. Kremldə də anlayırlar ki, bu, Rusiyaya qarşı qurulmuş bir tələdir.

Digər tərəfdən, Ağ Ev Orta Asiyanın beynəlxalq terrorizm məkanına çevrilməsinə cəhd göstərməsində Çin faktoru da mövcuddur. Belə ki, Cənubi Qafqazda münaqişə həll edildikdən sonra Böyük Britaniyadan Çinə qədər olan bir geniş coğrafiyanı birləşdirə biləcək yeni İpək yolu iqtisadi-ticari marşrutun reallığa çevrilmə ehtimalı var. Bu marşrut Çinin daha da güclənməsinə səbəb olmaqla yanaşı, rəsmi Pekinin hərbi-siyasi iradəsini dünyada ön plana çıxara bilər.

Ona görə də ABŞ bütün bunların qarşısını almaq üçün məhz Taliban terrorçularının əlini-qolunu açmaqla, Orta Asiyanın xaos məkanına çevrilməsinə çalışır”.