Ötənlərəd Soçidə Türkiyə və Rusiya prezidentləri -Rəcəb Tayyib Ərdoğan və Vladimir Putin arasında görüş baş tutub. Bu barədə məlumatı Anadolu Agentliyi yayıb.Tərəflər görüş zamanı iki ölkə arasında iqtisadiyyat, ticarət və siyasət sahəsində Rusiya-Türkiyə əməkdaşlığının müxtəlif aspektlərini, həmçinin Suriya, Liviya, Əfqanıstan və Cənubi Qafqazdakı vəziyyəti müzakirə ediblər. V. Putin Rusiya ilə Türkiyə arasında Suriya və Liviya mövzusunda uğurlu əməkdaşlıq olduğunu qeyd edib. Rusiya prezidentinin sözlərinə görə, Rusiya və Türkiyə koronavirus pandemiyası səbəbiylə ticarət itkisini nəinki kompensasiya edib, həm də artırıb. V. Putin pandemiya ilə mübarizədə Türkiyə ilə əməkdaşlığın yüksələn templə davam etdiyini söyləyib.
Ərdoğan Türkiyədə meşə yanğınları ilə mübarizədə dəstəyə görə Rusiyaya minnətdarlıq edib. Rusiya lideri qeyd edib ki, Moskva və Ankaranın pandemiya ilə birgə mübarizəsi iqtisadiyyat, eləcə də turizmin inkişafına kömək edəcək.
Görüşün əhəmiyyətini “Sherg.az”a şərh edən politoloq Rusif Məmmədsoy bildirib ki, liderlər arasında baş tutan müzakirə çox vacib idi:
“Bununla Türkiyə və Rusiya arasında münasibətlərin daha da möhləmlənməsi, eyni zamanda bəzi anlaşmaların da olması gözlənilən idi. Təsadüfi deyil ki, görüşün axşamı Türkiyə İdlibin cənubunu tərk etməyə başladı. Bu isə o deməkdir ki, qardaş ölkənin Suriya siyasəti dəyişir, amma rəsmi Ankara bunun müqabilində nə əldə edib? Bax, əsas məsələ buur”.
Politoloqun qənaətincə, Ərdoğan Putindən yeni AES-in inşası ilə bağlı, nüvə silahı əldə etmək üçün müəyyən manevrlər edib:
“Qarabağ məsələsinin də prioritet təşkil etdiyi deyilir. Təbii ki, buraya Zəngəzur dəhlizini da aid edə bilərik. Ərdoğan xüsusilə S-400-lərlə bağlı onu dedi ki, qərarları qətidir. Bu da anlaşılandır”.
Ərdoğanla amerikalı həmkarı Co Bayden arasında gözlənilən görüşə diqqət çəkən R.Məmmədsoy qeyd edib ki, bundan öncə Türkiyə və ABŞ liderləri arasındakı fikir mübadiləsi o qədər də səmərəli olmayıb:
“Uzlaşma tapılmır. Ərdoğan bu gün vurğulayıb ki, Birləşmiş Ştatlar F-35-ləri Türkiyəyə verməzsə, ödənilən pullar geri alınacaq. ABŞ-ın əsas narahat olduğu məsələ məhz NATO ölkəsinin, xüsusilə də əsas üzvünün Rusiyadan silah almasıdır. Lakin günahkar yenə də ABŞ-dır. Zamanında Türkiyəyə həmin F-35-ləri satmadı”.
Politoloq onu da əlavə edib ki, Türkiyə prezidenti daha bir maraqlı açıqlama ilə yadda qalıb:
“O deyib ki, Amerika əvvəl-axır Suriyanı tərk etməlidir. Bu, çox vacib açıqlamadır. Lakin Türkiyə Birləşmiş Ştatlarla da bütün körpüləri yandırmaq istəmir. Bu səbəbdən Soçi görüşü Ərdoğanın əlini gücləndirdi deyə bilərik. İstənilən halda görüşdən sonra hər şey daha aydın görünməyə başlayacaq”.
Sücayət Mehti