Əfqanıstanda hava limanı yaxınlığında partlayış baş verib

Əfqanıstanın paytaxtında güclü partlayış baş verib.

"Report" yerli "Asvaka" agentliyinə istinadən xəbər verir ki, insident paytaxtın Aria rayonunda Kabil Beynəlxalq Hava Limanına gedən magistralda baş verib.

İlkin məlumatlara görə, "Taliban" silahlılarına məxsus avtomobil partladılıb. Tələfat və dağıntılar barədə hələlik məlumat verilmir.

"Taliban" rəsmiləri hələlik insidentlə bağlı şərh verməyib.

Son həftələr Kabildə partlayışların sayı artıb, demək olar ki, hamısına görə məsuliyyəti İŞİD-in qolu olan Xorasandakı İslam Dövlətinin silahlıları öz üzərinə götürüb.