NATO-nun Rusiyaya zərbə vuracağı cəfəngiyyatdır

Əhəd Məmmədli: "Rusiya xalqın daxili narazılığını həmişə xarici düşmənlə sakitləşdirməyə çalışır"

"Şimali Atlantika Alyansı Rusiya ilə genişmiqyaslı münaqişəyə hazırlaşır".
Bu barədə Rusiya Federasiyasının müdafiə nazirinin müavini Aleksandr Fomin xarici ölkələrin Moskvada akkreditasiya olunmuş hərbi attaşeləri üçün keçirdiyi brifinqdə bildirib.
“Blokun hərbi quruculuğu bütövlüklə Rusiya ilə yüksək intensivlikli hərbi konfliktə yönəlib” deyə, Fomin əlavə edib.
Fomin vurğulayıb ki, NATO-nun doktrina sənədlərində, o cümlədən 2019-cu ilin hərbi strategiyasında Rusiya “koalisyon təhlükəsizliyə birbaşa təhlükə kimi göstərilir”.

Azərbaycanın şimal qonşusu ilə bağlı baş verən geosiyasi proseslər barədə “Şərq”ə danışan politoloq Əhəd Məmmədli bu bəyanatın Rusiyanın həmişəki siyasəti ilə bağlı olduğunu bildirib: “Rusiya xalqın daxili narazılığını həmişə xarici düşmənlə sakitləşdirməyə çalışır və indi də bu siyasət davam edir. NATO-nun Rusiyaya qarşı genişmiqyaslı münaqişəyə başlaması cəfəngiyyatdır. Çünki NATO-nun başında duran ölkələrin 3-4-ü nüvə derjavasıdır. Rusiya da nüvə derjavasıdır. Yəni bu halda üçüncü dünya müharibəsinin başlanması deməkdir və heç bir ölkə buna getməz. Əgər həqiqətən də NATO Rusiyaya qarşı hərbi əməliyyatlara hazırlaşırsa və Rusiya bundan xəbərdardırsa, o, Şərqi Avropada hər istədiyini etməz. Rusiya istədiyini edir, ölkələrin ərazilərini işğal edir, anneksiya siyasəti yeridir və ona dur deyən yoxdur. Ona görə də müdafiə nazirinin bu çıxışı sırf daxili auditoriyaya hesablanıb və yaxud da ola bilsin ki, bununla Rusiya özünün Şərqi Avropada sərhədlərini genişləndirmək üçün qabaqdangələn bir hərəkət etmək istəyir”.

Politoloq həmçinin bildirib ki, NATO-nun yaradılma məqsədi sovetlər birliyinə qarşı mübarizə aparmaq idi:

“SSRİ dağılandan sonra suallar doğdu ki, artıq biz neyləyək, faəliyyətimizin alternativ mənası varmı? Amma bu hərəkat qaldı və təkcə Rusiya yox, Çinə qarşı da yönəlib.  Bu dəqiqə Çin Rusiyadan  daha güclü dövlətdir. Eyni zamanda NATO-nun özündə  Fransa və Almaniyanın Rusiya ilə çox yaxşı münasibətləri var. Rusiyadan qaz ixracı ilə məşğuldurlar. “Şimal axını-2” kəməri fəaliyyətdədir və bu yöndə işlər görülür. NATO-nun da bir az mərkəzdən qaçma amilləri var. Ona görə indiki vəziyyətdə nəinki NATO, heç Amerikanın da Rusiyaya qarşı hansısa genişmiqyaslı  əməliyyata başlayacağını düşünmürəm. Uzaqbaşı, Rusiya Ukraynaya müdaxilə etsə nə isə edərlər”. 

Sənan İsmayıl