AMB: "Valyuta hərraclarının 70 %-də təklif tələbi üstələyib"

Bu ilin ötən dövründə Mərkəzi Bankda keçirilən valyuta hərraclarının 70 %-də təklif tələbi üstələyib.

“Report” xəbər verir ki, bu barədə AMB-nin “2022-ci il üçün pul və maliyyə sabitliyi siyasətini əsas istiqamətləri barədə” bəyanatında qeyd olunur.

Bildirilir ki, eyni dövrdə manatın xarici valyutalara nəzərən məzənnəsi valyuta bazarında tələb-təklif nisbətinə uyğun olaraq formalaşıb. Xarici mühitdə baş verən proseslərin dolayı təsirləri ilə yaranmış gözləntilər nəticəsində yanvar ayında valyuta hərraclarında tələb artsa da, fevral ayından başlayaraq tələbin azalması və sabitləşməsi müşahidə olunub.

"Hesabat dövründə profisitli tədiyə balansı və strateji valyuta ehtiyatlarının artması şəraitində gözləntilərin yaxşılaşması da valyuta bazarına sabitləşdirici təsir göstərib.

Manatın ABŞ dollarına nəzərən rəsmi məzənnəsi cari ildə də banklararası əqdlər üzrə orta məzənnə əsasında müəyyən edilib. Banklar tərəfindən müəyyən edilən xarici valyutanın alış-satış məzənnələri rəsmi məzənnəyə yaxın trayektoriyada formalaşıb", - bəyanatda deyilir.