NATO-Rusiya görüşü! – “Brüssel danışığı da fiaskoya uğrayacaq” - Əsəblər tarıma çəkilib!


Ötənlərdə NATO-Rusiya Şurası 2019-cu ildən bəri ilk dəfə toplaşıb. Toplantıda Rusiyanın Ukrayna sərhəddindəki silah yığınağından sonra yaranmış gərgin vəziyyət və Avropanın təhlükəsizliyi kimi məsələlər müzakirə edilib. Belçikanın paytaxtı Brüsseldə keçirilən toplantıya NATO-nun Baş katibi Yens Stoltenberq sədrlik edib. Şurada Moskvanın nümayəndə heyətinə rəhbərlik Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşkoya və müdafiə nazirinin müavini Aleksandr Fominə tapşırılıb.  NATO-Rusiya Şurasının iclasına ABŞ Dövlət katibinin müavini Vendi Şerman da qatılıb.

Qeyd edək ki, Y. Stoltenberq dekabrın 1-də keçirilən NATO Xarici İşlər Nazirləri Toplantısının sonunda Rusiya ilə Avropanın təhlükəsizliyinə dair keçiriləcək görüşdən dərhal nəticə gözləməyin real olmadığını bildirib. NATO bu məsələləri müzakirə etmək üçün Rusiya ilə bir sıra görüşlər keçirməyi hədəfləyir.

NATO-Rusiya Şurası görüşünün “kod”larını açan politoloq Məhəmməd Əsədullazadə “Sherg.az”a bildirib ki, tərəflərin bir-birinə qarşı ziddiyyətli mövqeləri var:

“Belçikanın paytaxtı Brüsseldə Rusiya-NATO Şurası arasında keçirilən danışıqlar prosesi Cenevredə keçirilən ABŞ-Rusiya görüşünün analoji davamıdır. Görüşdə heç bir nəticə əldə olunmayacaq. Hər iki tərəfin əsəbləri tarıma çəkilib”.

Politoloq Rusiyanın Ukraynaya qarşı hərbi təcavüzünün baş verə biləcəyi vurğulayıb:
“Rusiyanın qonşu ölkələrə təzyiq mexanizmi NATO tərəfindən qəbuledilən deyil. Həmçinin, NATO-nun öz strategiyası, konsepsiyası var. Təşkilat genişlənmə siyasəti aparır. Bunun nəticəsində də bir müddət öncə Rusiya NATO-ya ultimatum vermişdi. Zənnimcə, NATO Rusiyanın ultimatumunu qəti şəkildə qəbul etməyəcək. Nəticədə də, Rusiya və NATO arasında Şərqi avropada, xüsusilə Ukrayna ətrafında vəziyyət gərginləşə bilər”.

M.Əsədullazadə qeyd edib ki, vəziyyət şiddətli şəkildə Ukraynanın əleyhinə çevriləcək:

“Hər iki tərəf bir-birinin təkidlərinə “yox” deyir. Cenevrə danışığı kimi Brüssel danışığı da fiaskoya uğrayacaq. Rusiyanın Ukraynaya qarşı hibrid müharibəni davam etdirməyi proqnozlaşdırılır”.

Xanlar ƏLİBƏY